Xalq şairi Məmməd Arazın anadan olmasından 90 il ötür - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu münasibətlə oktyabrın 13-də Xalq şairinin Şahbuz rayonunun Nursu kəndində yerləşən Ev Muzeyində təşkil edilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov açıb. Milli poeziyamıza əvəzsiz töhfələr verən Xalq şairi, tərçüməçi, publisist, Əməkdar incəsənət xadimi Məmməd Arazın həyat və yaradıcılığından danışan nazir müavini diqqətə çatdırıb ki, Məmməd İbrahimov 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Görkəmli söz ustadı ədəbiyyat tariximizdə Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmilə mübarizə aparan sənətkarlardan biri olub. Təsadüfü deyil ki, ölkəmiz müstəqillik eldə etdikdən sonra vətənin ən ali mükafatı sayılan “İstiqlal” ordeninə layiq görülmüş şairlərdən biri də məhz Məmməd Araz olub. Ümummilli lider Heydər Əliyevin Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə hər zaman böyük diqqət göstərdiyindən, bu gün də ədibin irsinə dövlətimiz tərəfindən qayğı ilə yanaşıldığından danışan Həsən Seyidov əlavə edib ki, Prezident İlham Əliyevin “Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə şairin yubileyi dövlət səviyyəsində qeyd olunub, xatirəsi müxtəlif ünvanlarda əbədiləşdirilib. Bu gün ölkəmizin hər yerində, eləcə də Naxçıvanda Xalq şairinin irsi öyrənilir, təbliğ olunur.
Sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Sözün Vətən qibləsi - Xalq şairi Məmməd Araz” mövzulu çıxışında şairin Azərbaycan ədəbiyyatında istiqlal düşüncəsinin və milli birliyin təbliğindəki rolundan danışıb. Bildirib ki, şair oxunaqlı, sənətkarcasına yazılmış poeziya nümunələrində ana dilinin üslub imkanlarından qeyri-adi dərəcədə yararlanıb, dilimizin bütün zənginliyi, dərinliyi, əlvanlığı şairin poetik misralarında əks olunub.
Sonra Məmməd Arazın qardaşının oğlanları Elvin İbrahimov və Qorxmaz İbrahimli şairlə bağlı xatirələrindən söhbət açıblar.
“Şərq qapısı” qəzetinin müxbiri Fariz Əhmədov Məmməd Arazın şeirlərinin onun tərcümeyi-halı olduğundan bəhs edib, yaradıcılığındakı poetik ifadələrin məna yükünə toxunub.
Xalq şairi Məmməd Arazın Ev Muzeyinin direktoru Əzizə Süleymanova şairin zəngin bədii irsinin qorunub saxlanılmasında muzeyin əhəmiyyətindən danışarkən diqqətə çatdırıb ki, hazırda mədəniyyət ocağında Məmməd Arazın həyat və fəaliyyəti ilə bağlı geniş məlumat əldə etməyə imkan verən kitablar, şəkillər, şairin şəxsi əşyaları, əlyazmaları və çoxsaylı materiallardan ibarət 1190 eksponat qorunub saxlanılır.
Çıxışların ardından Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli şairin avtoqraflı kitabını muzeyə hədiyyə edib.
Sonra tədbir bədii hissə ilə davam edib. Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında səsləndirilən Məmməd Arazın şeirləri üstündə yazılmış aşıq havaları və mahnılar, Nursu kənd tam orta məktəbinin şagirdlərinin qiraət etdikləri şeirlər rəğbətlə qarşılanıb.
Yubiley tədbiri muzey ekspozisiyasına baxışla yekunlaşıb.