Sözü tarix, andı Vətən, öyüncü qayalar olan bir Məmməd Araz yaşayır…
Bugün qəlbimizin hər duyğusunda, hər vurğusunda sözü tarix, andı Vətən, öyüncü qayalar olan, hər fikrin, hər ürəyin təzadlar adasına səyyah olan, nəşələr qəsrinə, qəmlər odasına qonaq olan Məmməd Araz yaşayır. Hər təbiət, hər fəsil dəyişdikcə duman gəldikcə, tufan getdikcə, günəş batdıqca, ay çıxdıqca ədəbiyyatımızdan Məmməd Araz boylanır, anır, yenidən anılır. Məmməd Araz həmişə elinin nəfəsi olub, elindən qopan hər zərrə sevgini yığaraq əsərləşdi. Ona görə də nə şöhrət, nə şan axtardı həyatın səsini həyatda duydu, həyatda yazdı. Həyatı nə qədər duyğusal, nə qədər emosiyalı yaşasa da, həqiqəti dilə gətirib: Dünyanın mənliyini, sənliyini və heç kimliyini vurğulayıb gerçəkliyi öz misraları ilə əbədi susdurdu. Bu gerçəklik gecə susdurulsa, gündüz oldu, gündüz susdurulsa gecə oldu, buna görə də heç vaxt unudulmayaraq millətin dərkinə səbəb oldu. Ədəbiyyatımızı açıb vərəqlədikdə, yaddaşımızın tarix səhifələrinə geri döndükcə onun qələm izlərini görməmək, şeirlərinin bizə boylanmasının qarşısını almaq olmur. Çünki, o, təkcə ədəbiyyat səhifələrinə yazılan şeir deyil, başdan-ayağa ədəbiyyatdır, ədəbiyyatın oxudur, məhvəridir, çevrəsidir. Təkcə tarixin səhifələrinə hopan iz deyil, yaddaşın özüdür, özülüdür.
Görüm bir necədir yerlərə hopub,
Vətən torpağının şehinə dönmək.
Kiçik bir qayanın döşündən qopub
Böyük bir dünyanın mehinə dönmək.
O vəznlərin yox, mənaların şairi idi
Bütün vəznlərə sığan mənaların şairi Məmməd İnfil oğlu İbrahimov qiymətdə vəznsiz, vəzndə qiymətsiz idi. Özü kimi oxucularıda kasıb olan şair, təmannasız insanların, sadə insanların şairi idi. Onun poeziyasında təkcə Vətən, təbiət, millət anlayışı yox, oxucu ürəyinin ən naif qatına enib onları bədbinlikdən qoruyan müqəddəs bir nəsihət, hərarət artıran ümman vardı. O bir nağıl idi, bir dərəyə söykənən həyətin divarında, O bir ümman idi, bir çaya qonşu kəsilən gözlərinin çırağında, O nəhəng zülmət qalağı tək qaranlıqda seçilən zirvə idi.
O sönəndə göymü onu,
Yermi onu ağlayacaq
Ötüb keçən zaman bir göz qırpımında bizdən uzaqlaşdıqca Məmməd Araz dünyasının dərinliyi, həlimliyi və qəlb oxşarlığı daha aydın və nəzif görünür. Böyük filosof Lüdviq Vitgenşteyinin dediyi kimi üstünə işıq düşməyən bir fikri yazmağa dəyərdimi? Onun şeirləri aydınlıqdan, nurdan yoğrulmuşdu və nur qədər yaşayacaqdı. Bir gün Məmməd gedəcək, amma ürəklərə axan Araz daim yaşayacaq, nur saçacaqdı. Məmməd Araz xalqın ruhunu itməyə qoymayan sənətkardır. Yaşadığı hər gün üçün can əritdi, ömür əritdi. Xatirələr küləyində xəbirləşən şairin ürək çırpıntılarını küləklər, yazda yaylağa, qışda qışlağa daşıdı.
İstəyirəm yatım qalım yazılarımın arasında
Məmməd Araz öz yaradıcılığını onu sevən, onu hiss edən oxucusuna ən həlim dildə çatdıraraq yeni tapıntılar, yeni yanaşmalara vəsilə olurdu. Bu yol Məmməd Araz yolu idi. Bu yolda nə təkrarçılıq, nə də cümləpərdazlıq vardı. Onun şeirləri salvartının dağlarından, şişli qayının mamırından yoğrulmuş mamır qədər yaşayacaqdı. O, şeirin, şeir onun özü idi. Yol gedəndə deyərdin ki, Günəşəcən gedəcəkdi. Öz qəlbinin tufanında təkbaşına avar çəkdi. Bu yurda, bu elə, bu torpağa şirin nəğmə, həzin səz olub səpələndi.
Keçək dərələrin boğanağından,
Keçək dolayların doğanağından,
Günəşin zirvədə doğan anından
Nur olub bu yurda səpələnməsək,
Sən kimə gərəksən,
Mən kimə gərək?!
Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı
Ey daşlaşan, torpaqlaşan, qayalara öz daşınla, öz duzunla dibək olan, Azərbaycan torpağında Araz boyda şırım olan, sinələri qayasına yamaq edən, haqq yolunu ayağına dolaq edən, Bayrağını Xəzər boyda bayraq edən Şəhriyar haraylı, Bəxtiyar haraylı Məmməd Araz! Oyan ey süsənbər! Səpil quma, göyər yerdə, bit qayada. Xətainin ayağına at yolladın, Səttarxana heykəl yondun, Xudafərin həsrətinə bir dağ çəkdin. Şəhidlərin qəbri üstə yanan səsini, yanan qandı, duyan duydu, bilən bidi, sənin vətən daşının hər zərrəsində “vətəndaş” olduğunu.
Mən bilmirəm, hardan boy al, hara dırman,
Mən bilmirəm, göyə ucal, yerə quylan,
Babaların məzarını qoru qardaş!
Ataların vüqarını qoru, qardaş!
Körpələrin yuxusunu qoru, qardaş!
“Vətən ölməz” duyğusunu qoru, qardaş!
“Hünər ölməz” nidasını qoru
Od yurdunun odasını qoru, qardaş!
O vətəndən yazmadı, Vətən oldu
Ömrünün son çağlarında Murov dağın zirvəsinə qalxmaq Xəlil Rzaya qismət olmasa da, xəstəliyin, azar-bezarın acığına, elə lap əcəlin acağına Məmməd Araza nəsib oldu. “Qayalara yazılan səs” kitabını sinəsinə, ömür-gün yoldaşı Gülxanım xanımı qoluna keçirib sərt çovğunla, qar-boranla üz-üzə dayanan, Məmməd Araz sözünə, Məmməd Araz şeirinə ehtiyacı olan vətən əsgərlərinin görüşünə yuvanmadı. O vətəndən yazmadı vətən oldu.
Heç bir mükafatın yetmədi mənə,
Bircə “sağ olun” da bəsimdi, Vətən!
Bəsimdi hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, Vətən!
Ünvanına yarpaq-yarpaq şeirlər yağan, hər alqışda qələminə söykənən Murov döyüşçülərindən ayrılmaq istəməyən şair üçün göyün gözləri dolur, buludlar ayrılığa tab gətirmirdi. Son payız yağışları başlayanda “dağ ürəkli” şair ürəyini Murovda qoyub, səsi hıçqırıq, hər ahı bir duman olub onu uğurlayan enişli Murov yoluna səpələndi.
Ey dəvə yal, düşdüm daha belindən,
Ovsar cığır, çıxdın daha əlimdən.
Balam çiçək, bir də öpüm telindən.
Salamat qal, bu dağlarda ürəyim,
Salamat qal,
Salamat!
Bir vaxtlar şairin sinəsində həsrətə, qubara dönmüş Qarabağ yanğısı artıq onun ruhunu əsarətdən qurtarıb cəsarət rəmzinə çevirib. El-oba qeyrətinin vətənin dar günündə sınağa çəkildiyi bir zamanda “Yer üzünün Qarabağ düzü”, “Qarabağ simfoniyası” adlı yazılarında bu gözəl diyarın taleyinə öz münasibətini bildirmişdi. Şuşanın füsunkar təbiətinin vurğun olan şair yazırdı...
Gecənin qoynunda yanır dağ şəhər,
Fəzadan asılı, çilçıraq şəhər.
Dağlar öz ovcunda yandırıb onu,
Ulduzlar qoynuna qaldırıb onu
Bu dağlar vüqarı, bu dağlar gücü.
Bu gecə kəşf etdim bir Şuşa bürcü
Bir Şuşa bürcü, tamaşa bürcü...
Qəlbi daima Naxçıvanla döyünən şair
Xalq şairi ömrünün ən mənalı günlərinə ürəyinin bir parçası adlandırdığı, yayda Günəşi, qışda qarı çox olan, düşmənə aman verməyən sərt qayalar qoynunda Haçadağa, Nəhəcirə, ilmə-ilmə tarix yazmış Gəmiqayaya qucaq açmış Naxçıvandan baxaraq Məmməd Araz sənət zirvəsini “Dünya sənin, dünya mənim, dünya heç kimin” imzasıyla Nuh qayaların daş yaddaşına yazdırdı. Şairin yaradıcılığında daş obrazı daha rəngarəng olduğundan onun yaradıcılq dünyası bizə “Daş qayalar”ı xatırladır. Məmməd Araz yaradıcılığında Nursu kəndinin təbiətindən başlayan poetik təəssüratlar, kövrək notlar, həzin laylalar, sətiraltı misralarla Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq ideyaları ilə tamamlanır. Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələrinə çevrilərək Məmməd Araz dünyasından baxır dünyaya:
Mənim ürəyimin bir parçasıdır,
Doğma Şahbuzum da, Naxçıvanım da
Məmməd Araz kimdir, haralıdır?
Ana torpağı Naxçıvanın ürək qanından ruh alıb yazdığı misralar ilə heykəlləşən, dillərdə sözləşən yaradıcı şəxsdir Məmməd Araz. Naxçıvanın ilhamlı suyundan içən şairin şeirləri aşır, daşır, sərhəd tanımır, hüdud bilmir. Araz qədər təmkinli, Araz qədər coşqun, Araz qədər susqun şeirdir Məmməd Araz. O, təmkininə sığınan, coşqunluğa bürünən, susqun görünən misralardan ibarətdir. Söz sənətimizdə ağır çəkisi olan ədib hər zaman el gücündən güc alaraq, ədəbiyyatın ən uca dağlarını yıxaraq hər yerə səs saldı. Naxçıvanın təbiəti yetişdirdi şairi. Naxçıvanın ilhamlı təbiəti, sakit ruhu şairə yol açdı. Hərdən kəlmələrinin başını duman aldı, çən aldı, hərdən yağış aldı, qar aldı, fəqət sonda eşq adlı şeir yolu aldı. Eşq adlı şeir yolunda sevda yolçusu olan şair sevgiylə yaşadı, sevgiylə yaratdı, ona görə indi məhz onu sevgi ilə dilə gətirir, dərin hisslər ilə anırıq. Gur çayları səsinə qataraq dərəni keçdi, düzdə dayandı təbiəti beləcə şeirə gətirdi. Sevdiyi elindən-obasından ilham alıb, məhəbbəti şeirə gətirdi, qəlbindəki çırpıntını, hərarəti şeirə gətirdi.
O, Araz qələmi ilə şeiriyyatı şeirə gətirdi. Araz ona “göz yaşından düzülmüş boyunbağı, bir qızın hörüyü, bir ananın yuxusu, Qıratın yalmanı, Bozatın tərliyi, lal çöllərin nəğməkar bülbülü, Musa Yaqubun harayı, Mirzə Cəlilin naləsi oldu. O nə qədər sevilsə də, şeirlərinə güvənib dünəni, bu günü, sabahı bilsə də, narahatlıq çəkdi.
Sahilində küləklər,
Gəzməyib mənim kimi.
Sularında ördəklər
Üzməyib mənim kimi.
... O mənim mürəkkəbim,
Mən onun qələmiyəm.
...Yox, Araz deyəndə mən,
Təkcə çay düşünmürəm.
...Mən Arazın səsiyəm,
Mən onun yatağıyam.
Mən onun sahiliyəm,
Mən onun ləpəsiyəm.
Haqqın var, Məmməd Araz, haqqın var yaşamağa!
Məmməd Araz şeirləri fikir donu hesab edir, “son moda” da geyinilməsindən qorxurdu, ancaq onun ədəbi sözləri, misraları tək “moda” olub, beyinlərdən, ürəklərdən silinmədi, hər dövrünün son modası olaraq bu dövrdə də əhəmiyyətini itirməyən dilimizin, ürəyimizin əzbərinə çevrildi. Elinin fikrini çəkən, dərdi ilə qəmlənən, müharibələri qəbul edə bilməyən şair hər bir şair kimi yurdunun generalı, şeir kimi isə yurdunun əsgəri oldu, əyilmədi daim xalqının alqışını aldı. Məmməd Araz poeziyası ilə ürəksiz başlardan, başsız ürəklərdən uzaq olub, ən gözəl əsərləri yaratdı, bizimlə yaşatdı. Ədəbiyyatımıza mövzusu tükənməyən hər zaman bir mövzu olan Məmməd Araz dağları, daşları, çəmənləri yığıb ədəbiyyatımızda Araz təbiəti yaratdı. Artıq biz o təbiətin axarından çıxa bilmirik, bu dünya, təbiət var olduqca şair təbiətin hər parçasında bizimlə yaşayıb, nəfəs alaraq, ruhumuzu dindirəcək.
Çox tozanaq atlını təmkin atıınla keçdin,
Sel boğan dərələri bir mərd qadınla keçdin.
Bütün keçilməzliyi, Vətən, adınla keçdim...
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa!
Fariz Əhmədov
“Şərq qapısı” qəzetinin müxbiri