NUHÇIXAN xəbər verir ki, Türkiyənin nüfuzlu Anadolu Agentliyində Naxçıvanlı saz ustası və aşıq İxtiyar Seyidovla bağlı məqalə yerləşdirilib. “Tənbur, saz və cəngin birləşdiyi alətə böyük maraq” adlı yazıda müəllif Naxçıvandakı Qədim musiqi alətləri emalatxanasında olduğunu və ilk dəfə olaraq buradakı qəribə aləti görəndə təəccübləndiyini bildirir: “Türk dünyasının birliyi” adlı alətin ustası İxtiyar Seyidov bununla bütün türkləri bir araya gətirməyə çalışıb. Alət Türkiyədən və dünyanın müxtəlif yerlərindən Naxçıvana gələn türklərin ən çox diqqət etdiyi alətdir. Aşıq bura gələn türk qonaqlar və digər əcnəbilər üçün bu alətdə müxtəlif musiqilər səsləndirir. Bu alətin hər üç tərəfində səslənən müxtəlif musiqilər buranı ziyarət edən qonaqların sevə-sevə dinlədiyi aşıq havalarıdır. Bu isə bütün türklərin tək millət olduğunu bir daha sübut edir”-deyə müəllif yazıda qeyd edir.