Heydər Əliyev Sarayında Xalq Artisti Fidan Hacıyevanın solo konserti olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın Heydər Əliyev Sarayında solo konserti baş tutub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konsertə baxıb.
Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin, Azərbaycan Respublikasının Əməkdar artisti, tarzən Zeynalabdin Babayevin və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyevin müşayiət etdiyi konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri ifa edilib.
Orkestrin dirijorluğunu beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov və Prezident mükafatçısı Cahangir Qurbanov, konsertmeyster Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyeva edib.
Həmçinin konsertdə Fidan Hacıyevanın oğlu Çarli Naylor pianoda Fridrix Şopenin “Noktürn” əsərini ifa edib.
Konsertin sonunda Fuad Nəcəfli səhnə arxasına keçərək kollektivlə görüşüb. Xalq artisti Fidan Hacıyeva dəvətə və təşkilatçılığa görə minnətdarlığını bildirib.