Naxçıvan şəhərində Ulu Öndərin anadan olmasının 95 illiyinə həsr edilmiş konsert olub - FOTOLAR
Mayın 10-da Naxçıvan Dövlət Filarmoniyasının yeni yaradılan simfonik orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında keçirilən ilk konserti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.
NUHÇIXAN xəbər verir ki, orkestrinin konserti dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Koroğlu” operasının uvertürasının sədaları ilə başlayıb. Elvin Əliyarovun dirijorluq etdiyi, xormeysteri Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Mahirə Əsgərova, baletmeysteri Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Tamerlan Bağırov olan orkestrin ifası alqışlarla qarşılanıb.
Azərbaycan Respublikasının Əməkdar Artisti Tural Nəcəfov xorla birlikdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etdikdən sonra konsertdə xanəndə və müğənnilərin ifasında görkəmli bəstəkarımız Ramiz Mirişlinin “Naxçıvan təranəsi” səslənib. Bu ifalar tamaşaçılarda xoş ovqat yaradıb.
Konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərovun ifasında xalq mahnısı “Evləri var xana-xana” və onun Gülyanaq Fərzəliyeva ilə birlikdə səsləndirdikləri “Arşın mal alan” operettasından “Gülçöhrə və Əsgərin dueti” musiqimizin zənginliyini göstərirdi.
Konsertdə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Elçin Nağıyev “Vətən nəğməsi”ni, Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov “Dilkeş” təsnifini, gənc müğənni İlkin Abdullayev Cahangir Cahangirovun “Ana yurdum” mahnısını ifa ediblər.
Gənc müğənni İlkin Abdullayevin ifa etdiyi “Heydər-Xalq”, Eldar Mansurovun “İlhamla sabaha” mahnıları alqışlarla qarşılanıb.
Konsert Eldar Mansurovun “Odlar yurdu” melodiyasının sədaları altında rəqs kollektivinin ifası ilə başa çatıb.
Simfonik orkestrin ilk konserti Naxçıvan şəhərinin sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri ötən il oktyabr ayında təşkil olunub və məşqlərə start verilib. Simfonik orkestr 52 musiqiçidən ibarətdir. Yeni yaradılan simfonik orkestr instrumental musiqinin ən böyük və zəngin sahəsi olan simfonik musiqinin dərin və mürəkkəb ideya-emosional məzmuna malik çoxhissəli kompozisiyaları ifa etmək gücünə malikdir. Gələcəkdə orkestrin repertuarına rus, türk, dünya və Azərbaycan bəstəkarlarının müxtəlif mövzulu və janrlı əsərləri də daxil ediləcək.