İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub - FOTOLAR
Türkiyənin İstanbul Universitetində “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı və mövzu ilə bağlı konfrans keçirilib.
NUHÇIXAN xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Diplomatların, universitet kollektivinin, o cümlədən İstanbul ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə keçirilən mərasimdə Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov, “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi, filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa və digərləri çıxış edərək təqdim olunan ekran əsərinin məzmunu və xüsusiyyətləri haqqında məlumat veriblər.
Bildirilib ki, filmin əsas məqsədi Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan İrəvanın azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaqdır.
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Azərbaycanda İrəvan haqqında ilk dəfədir ki, daha əhatəli və üç dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orijinallığı onun dünyaya yayılmasını asanlaşdırır.
Daha sonra tədbirdə çıxış edən İstanbul Universitetinin Tarix kafedrasının müdiri, professor Xəlil Bal bu layihənin Azərbaycan həqiqətlərinin dünyada təbliği baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O bildirib ki, təqdim edilən film elmi araşdırmaların geniş ictimaiyyətə çatdırılmasında mühüm vasitədir.
Çıxışlardan sonra filmin nümayişi keçirilib.