İsveçli rejissor Naxçıvan və İrəvanla bağlı film çəkəcək - FOTOLAR

A- A A+

İsveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq: “Naxçıvan və İrəvanla bağlı film hazırlanacaq”

Noyabrın 7-də isveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq muxtar respublikada səfərdə olub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, qonaq səfər çərçivəsində Naxçıvanın tarix və mədəniyyət abidələri - “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Əlincəqala tarixi abidəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksi, Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvan Dövlət Rəsm Qalereyası ilə tanış olub, çəkilişlər aparıb.

Sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində görüş keçirilib. 

Görüş zamanı mədəniyyət nazirinin müavini Həsən Seyidovla Naxçıvanın mədəniyyətinin inkişafı və kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, yeni lahiyələr barəsində danışılıb. Mikael Silkeberq deyib: “Naxçıvana gələndə keçirdiyim hissləri Şuşada olarkən keçirmişdim. Əshabi-Kəhf, Əlincə qalası məni heyrətləndirdi. Dünyanın bir çox yerində çəkiliş aparmışam. Ancaq Əshabi-Kəhfdə sanki fərqli bir işıq var idi”. Rejissor bildirib ki, Naxçıvan və İrəvanla bağlı film hazırlanacaq. Həmçinin İsveç Krallığında muxtar respublika ilə bağlı fotoşəkillərdən ibarət sərgi təşkil olunacaq.

Sonra Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Mikael Silkeberqin müəllifi olduğu “Xarıbülbül əfsanəsi” sənədli filminə baxış olub.

Film başlamadan əvvəl çıxış edən Həsən Seyidov Azərbaycan xalqı üçün əlamətdar bir tarixdə - Zəfər Günü ərəfəsində “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatının keçirilməsinin olduqca önəmli bir addım olduğunu bildirib.

Sonra müəllif “Xarıbülbül əfsanəsi” sənədli filminin ərsəyə gəlməsi barəsində danışıb. Diqqətə çatdırıb ki, müxtəlif dillərə tərcümə olunaraq dünyanın 100-dən artıq ölkəsində nümayiş olunan ekran əsərinin çəkilişlərinə Vətən müharibəsindən sonra başlanılıb. Xarıbülbül barəsində eşitdiyi əfsanələr, Xan qızı Natəvanın poeziyası, Qarabağın bülbül səsli xanəndələri “Xarıbülbül əfsanəsi” sənədli filminin ərsəyə gəlməsinə rəvac verib. Filmdə Xarıbülbülün vətəni Şuşanın tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləti barəsində danışılır.

“Xarıbülbül əfsanəsi” filmi izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: