Naxçıvan Teatrı “Qonaq Teatr” layihəsi çərçivəsində Bakıda tamaşa nümayiş etdirib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, noyabrın 20-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının “Qonaq Teatr” layihəsi çərçivəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi Bakı şəhərində tamaşa nümayiş etdirib.

Kollektiv fransız yazıçısı Viktor Hüqonun “Edama məhkumun son günü” əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa ilə  Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində sənətsevərlərin qarşısına çıxıb.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır. Səhnə əsərində rolları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev ifa edir.

Tamaşa bakılı sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

Tamaşadan sonra Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Naxçıvan Dövlət Milli Dram Teatrını yubiley münasibətilə təbrik edib. Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 140 illik yubileyi münasibətilə Naxçıvan Teatrı, "Edama məhkumun son günü" tamaşasının uğurlu quruluşuna görə Mir Qabil Əkbərov və 65 illik yubileyinə görə rəssam Səyyad Bayramov Fəxri Fərmanla təltif edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: