Dubaydan yayımlanan “CNNArabic” telekanalı Abşeron Milli Parkındakı “Şah dili” burnu haqqında reportaj yayımlayıb.
NUHÇIXAN xəbər verir ki, amerikalı səyahətçi və fotoqraf Brendon Smitin Azərbaycanın ecazkar təbiəti, xalqımızın adət-ənənələri barədə təqdim etdiyi reportajlar silsiləsindən olan yeni videoçarx Xəzər dənizinin mavi dalğalarında “Şah dili” burnunun əzəmətli çəhrayı mənzərəsini nümayiş etdirib.
B.Smit “CNNArabic”ə verdiyi müsahibədə mistik məkanda gördüyü "əbədi gözəlliyə" təəccübləndiyini söyləyib. Amerikalı fotoqraf “Şah dili” burnunun füsunkar gözəlliyini dron vasitəsilə müşahidə etdiyini deyib və əlavə edib: “Video vasitəsilə Abşeronun gözəlliyinin əbədi hekayəsini dinlədim, onun insanı səssizcə düşünməyə sövq etdiyini hiss etdim ”.
B.Smit əlavə edib ki, video vasitəsilə o, sakit səma altında “quru və dəniz arasında əbədi qucaqlaşma”nı göstərib. Ona “Yer kürəsinin sonu” kimi görünən “Şah dili” burnunun üzərində dayanan fotoqraf bildirib: “Məni sürrealist sakitlik, bəşəriyyətlə təbiətin incə birgəyaşayışını kəskin xatırlatma hissləri bürüdü”.
Reportajda deyilir: “Fotoqraf hesab edir ki, Azərbaycan təbiəti müxtəlif mənzərələrin əks olunduğu rəsm əsəridir. O hesab edir ki, Qobustanın qayalıq yerləri, yeni ilə köhnəni birləşdirən Bakı şəhəri və Şəki kimi şəhərlərin cazibədar füsunkarlığı insan üçün vacib olan yerlərdir və hər kəs onları ziyarət edə bilər”.
Sonda diqqətə çatdırılıb ki, Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun “Şah dili” adlanan hissəsində 783 hektarlıq sahədə Abşeron Milli Parkı yerləşir. Parkda 50-dən çox quş və heyvan, 25-dək bitki növü mövcuddur.