Naxçıvan Teatrı İqdır şəhərində tamaşa nümayiş etdirib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, dekabrın 4-də Tükiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunun və Araz Doğa Sporları və Kültür Klubu Dərnəyinin rəhbəri Serpil Önalın təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının yaradıcı heyəti tərəfindən İqdır şəhərində “Cibimizdəki dəlilik” tamaşası nümayiş olunub.

İqdır Kültür Mərkəzində təqdim edilən tamaşanı qardaş ölkənin sənətsevərləri izləyib. Türkiyəli yazıçı Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan “Cibimizdəki dəlilik” əsəri əsasında səhnələşdirilən tamaşaya Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev quruluş verib.

“Cibimizdəki dəlilik”də insanın insana yadlaşması, özündən, öz dəyərlərindən uzaqlaşması acı bir həqiqət kimi əks olunur. Tamaşa klassik teatr anlayışı ilə müasir teatr anlayışının vəhdəti və ənənələrdən bəhrələnməklə yeniliyin tətbiqidir.

Şekspirin məşhur “Həyat bir səhnədir, biz isə oyuncuları” fikri ilə yekunlaşan tamaşanın izləyicisinə çatdırmaq istədiyi məqam isə əslində çox sadədir: Sevgi, anlaşılmaq, dinlənilmək, səmimiyyət cibimizdəki dəliliklə mübarizə aparmağımıza kömək edə bilər.

Səhnə əsərində gənc aktyorlar Məmməd Mehdiyev, Ləman Vəliyeva, Uğur Nəsirli, Mehri Nəbiyeva, Anar Eyvazov, Amil Yusifov, Dünyamalı Orucov Xalq artisti Rövşən Hüseynov, Əməkdar artist Əbülfəz İmanov, Səməd Canbaxşiyev kimi peşəkar aktyorlarla eyni səhnəni bölüşüblər.

          

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: