Naxçıvan teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edib - FOTOLAR
Dekabrın 6-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı “Dönüşüm” mövzulu 11-ci Beynəlxalq İzmir Teatr Festivalında iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Türkiyənin Mədəniyyət və İncəsənət Fondu (TAKSAV) tərəfindən təşkil edilən festival çərçivəsində yaradıcı heyət teatrın baş rejissoru MirQabil Əkbərovun quruluş verdiyi “Edama məhkumun son günü” tamaşası ilə İzmir Mədəniyyət parkında qardaş ölkənin sənətsevərlərinin qarşısına çıxıb. Festivalda Azərbaycanla yanaşı İran, Serbiya kimi ölkələr və Türkiyənin müxtəlif şəhərləri təmsil olunub.
“Edama məhkumun son günü” tamaşasında rolları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, həmçinin gənc səhnə ustaları Mehri Nəbiyeva və Məmməd Mehdiyev ifa edir. Psixoloji dram janrında olan səhnə əsərinin quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı isə Lamiyə Əliyevadır.
Tamaşada edama məhkum edilmiş bir atanın ölümü gözləyərkən keçirdiyi hisslər, sarsıntılar əks olunur.
Festival çərçivəsində, ümumilikdə 26 tamaşa nümayiş olunacaq.