Dekabrın 14-də Heydər Məscidində Azərbaycanın görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Xalq artisti Ramiz Məliklə vida mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimlər iştirak ediblər.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə deyib ki, bu gün görkəmli teatr və kino aktyoru, Xalq artisti Ramiz Məliklə vidalaşırıq: “O, Azərbaycanın korifey sənətkarlarındandır. Uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi. Əlamətdar günlərdə onu daim diqqətdə saxlayırdıq. Yaradıcılığını davam etdirmək üçün ömür vəfa etmədi. Onun xatirəsi əbədi olaraq xalqımızın qəlbində yaşayacaq. Allah rəhmət eləsin!”
Ramiz Məlikin Azərbaycan teatrının çox dəyərli simalarından biri olduğunu söyləyən Xalq artisti Nurəddin Mehdixanlı deyib ki, o, Azərbaycan kinosunun və teatrının inkişafı naminə kifayət qədər ciddi işlər görüb, bənzərsiz obrazlar qalereyası yaradıb: “Geriyə böyük mədəniyyət xəzinəsi qaldı. Təəssüf ki, xəstəlik onu bizdən ayırdı. Xəstə olduğu müddətdə o, Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının kollektivi tərəfdən daim diqqətdə saxlanılıb. Bütün problemləri həll etməyə çalışırdıq. Ramiz Məlik kimi sənətkarları tamaşaçılar ürəklərində, xatirələrində hər zaman yaşadacaqlar”.
Xalq artisti Hacı İsmayılov bir çox tamaşalarda Ramiz Məliklə tərəf müqabili olduğunu söyləyib. Onun sözlərinə görə, Ramiz Məliki başqa sənətkarlardan fərqləndirən onun kübarlığı olub: “Ramiz çox dözümlü, iradəli adam idi. Uzun müddətdir xəstə olmasına baxmayaraq, ümid edirdi ki, sağalacaq və yenidən səhnəyə qayıdacaq. Təəssüf ki, bu, mümkün olmadı. Akademik Milli Dram Teatrı və Azərbaycan Teatr Xadimləri İttifaqı adından Ramiz Məlikin ailəsinə, doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin!”.
Ramiz Məliklə ilk görüşünün Hüseyn Cavidin yubileyi ərəfəsində hazırlanan “İblis” tamaşası zamanı olduğunu bildirən Əməkdar artist Ayşad Məmmədovun deyib ki, mərhum sənətkarla eyni səhnəni bölüşüblər. Daha sonralar, Cəfər Cabbarlının "Yaşar" pyesində tərəf müqabili olduq. Allah rəhmət eləsin, ruhu şad olsun.
Qeyd edilib ki, Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.
1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Ramiz Məlik ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda 100-ə yaxın rolda uğurla çıxış edib.
Aktyorluq etməklə yanaşı, Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.
Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil), Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.
O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb, 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Vida mərasimi başa çatandan sonra görkəmli sənətkarın ruhuna dualar oxunub və cənazəsi son mənzilə yola salınıb.
Mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!