Arxeoloqlar Kolizey yaxınlığında mozaikalı qədim ev tapıblar - FOTOLAR
İtaliyalı arxeoloqlar məşhur Kolizey yaxınlığında balıqqulağıdan, mərmərdən və qiymətli şüşələrdən ibarət qeyri-adi mozaikalarla bəzədilmiş Qədim Roma dövrünə aid yaşayış evinə bənzəyən tikili aşkarlayıblar.
NUHÇIXAN xarici ölkə KİV-lərinə istinadla xəbər verir ki, İtaliyanın mədəniyyət naziri Cennaro Sanculiano e.ə. II minilliyin ikinci yarısına – e.ə. I minilliyin axırlarına aid edilən Qədim Roma dövrünün dəbdəbəli iqamətgahını “əsl xəzinə” adlandırıb. Nazir qeyd edib ki, tapıntının divarlarındakı mozaika isə xüsusi dəyərə malikdir. Qədim Roma mozaika möcüzəsi üçbaşlı əsaları, hərbi gəmiləri, keltlərə məxsus tərzdə boruları təsvir edən çoxlu balıqqulağı, Misirin mavi keramikası, qiymətli şüşələr və ağ mərmər parçalarından ibarətdir.
Çox gözəl vəziyyətdə qalan mozaikada sahilboyu şəhərə dalğalar üzərində yaxınlaşan üç böyük gəmi təsvir edilib. Şəhərin divarları kiçik qüllə və portiklərlə (tikiliyə yapışıq sütunlu eyvan) bərkidilib. Alimlərin fikrincə, bu süjet onu göstərir ki, həmin evin sahibi dəniz vuruşmasında qalib gəlib və onun üçün mühüm olan hadisə haqqında xatirəni bu şəkildə əbədiləşdirib.
Qeyd etmək lazımdır ki, arxeoloqlar ilk dəfə 2018-ci ildə bir neçə divar aşkarlamışdılar. Hazırda yalnız bir neçə otaq qazılıb üzə çıxarılıb. Mütəxəssislər qazıntıların 2024-cü ilədək davam edəcəyini düşünürlər.
İtaliya Mədəniyyət Nazirliyinin təmsilçiləri yaşı 2 mindən yuxarı olan evin əsas binasının atriumu ətrafında yay aylarında istifadə üçün nəzərdə tutulan banket zalının yerləşdiyini ehtimal edirlər. Mütəxəssislərin fikrincə, iqamətgahın sahibi Senatda yer tutan zadəgan olub. Dekorativ divarlar arasında qurğuşun trubaların çəkilməsi isə ev yiyəsinin öz qonaqlarını “maraqlı su oyunları” ilə əyləndirməyi xoşlamasını göstərir.
Kolizey arxeoloji parkının başçısı Alfonsina Russo bu tarixi incinin ziyarətçilər üçün əlçatanlığının təmin edilməsinə hazır olduqlarını bildirib.