Naxçıvanda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifəsinə qəbul üzrə müsabiqə elan edilib
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələrinə işə qəbul üçün müsabiqə elan edib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, müsabiqəyə sənəd qəbulu 29 dekabr 2023-cü il tarixdən 21 yanvar 2024-cü il tarixinədək həyata keçiriləcək.
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ali ixtisas təhsili, ixtisası üzrə 5 ildən az olmayaraq müvafiq sahə üzrə pedaqoji əmək stajı olan şəxslər, direktor müavini vəzifəsinə işə qəbul üçün müsabiqədə müvafiq sahə üzrə azı üç il pedaqoji iş stajına malik olan orta ixtisas (kadr çatışmazlığı olduğu təqdirdə) və ya ali ixtisas təhsilli mütəxəssislər iştirak edə bilərlər.
Müsabiqə qabiliyyət imtahanı və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Müsabiqədə iştirak edəcək namizədlər yuxarıda qeyd olunan tarixlərdə müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin, təhsil (direktor olmaq istəyən şəxslər ali təhsil haqqında sənədin surətini, direktor müavini olmaq istəyən şəxslər ali və ya orta ixtisas təhsili haqqında sənədin surətini) haqqında sənədin və əmək kitabçasının surətini) Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim etməlidirlər.