İstedada xəyanət etməyən sənətkar - FOTOLAR

Kamal Babayevin 70 yaşına ehtiramla

A- A A+

Elə bilirəm ki, Koroğlunun Hasan paşanın üstünə yeridiyi məqamdayam, ya da Dəmirçioğlu ona verilmiş pulu baş barmağıyla sürtüb yazılarını silir, yaxud, “Dədə Qorqud” dastanından çıxıb gələn Beyrək bacılarının sərdiyi süfrədə lavaşdan kəsib iştaha ilə yeyir, hətta Qaraca Çobanın yopyoğun ağacı kökündən qopardığı gücü yadıma düşür. Çünki varlığıma yaxın olan bir səsi eşidirəm uzaqdan. Kamal Babayev gözlərini yumub qara zurnasını elə havalar üzərində üfləyir ki, ruhum canımdan çıxır. Amma bu candan çıxma can alma deyil, can vermədir. 

Kamal Babayevin ifalarıyla yaşayıram bir neçə gündür. Elə-belə yox. Səbəbsiz deyil bu el sənətkarının ifalarına baş qoyub xəyala dalmaq. Fotoları gözdən keçirirdim. 2012-ci ilin isti avqust günlərində qardaş Türkiyənin Gümüşhanə şəhərinə mədəniyyət festivalına yola düşmüşdük. “Şərur” Xalq Yallı Ansamblı ilə birlikdə şair kimi mən də o tədbirə qatılmışdım. Yollar doğmalaşdırır adamları. Kamal müəllimlə də, beləcə, doğmalaşmışdıq. Əvvəldən bir-birimizi tanısaq da, Gümüşhanə səfəri bizi tanışlıqdan doğmalığa doğru istiqamətləndirdi. İndi həmin günlərin şəkilləri özüylə birlikdə xatirələri göz önünə gətirdi və internetin köməyi ilə Kamal Babayevin qara zurnası üçün darıxan könlümə musiqi səpmək istədim. Bu səs məni uşaqlığıma qaytarır. 1980-ci illərin əvvəllərinə. Elə bilirəm yenə dayılarımın toyundayam, o səs məni Şərur rayonunun Çomaxtur kəndinə aparır. Səsin qüdrəti elə ondadır ki, səni keçmişə bağlaya bilir. Yaddaşını təzələməyi bacarır. “Köçəri” üstündə, “Tənzərə” havasında, “Höynəri” ayağında, “Tello” qaçarağında, “Cəngi” hünərində məni də o cərgəyə qoşdu zurna səsi. 

Kamal Babayevin bu yaxınlarda 70 yaşı tamam olacaq. Onun ömür yoluna da nəzər salmaq keçdi içimdən. Elə yaxşı ki, keçdi. Şəkillərin yaddaşı, insanların yaddaşından uzun olurmuş. 

Bir haşiyə çıxım: Kamal Babayev 1954-cü il yanvar ayının 1-də Şərur rayonunun Billava kəndində anadan olub. Gözünü açandan evdə, həyətdə, el məclislərində, toy-düyündə eşitdiyi zurna səsinə aşiq olub. Bu sənətin sirlərini də uşaq vaxtlarından böyük qardaşı rəhmətlik Kamildən öyrənməyə başlayıb. Yeniyetmə vaxtlarında – 16-17 yaşlarında ilk dəfə öz auditoriyası – tamaşaçısı qarşısına çıxıb. 1970-ci illərə təsadüf edən bu vaxtdan etibarən doğulub boya-başa çatdığı Şərur diyarının adıyla bağlı olan yallıların ifaçısı kimi püxtələşib. Kamal Babayev tütək, balaban və qara zurnada milli rəqslərimizi, el havalarını, yallıları xüsusi məhəbbət və məharətlə ifa edərək 45 ildir, bir musiqiçi – nəfəs alətləri ifaçısı kimi Azərbaycanın milli sərvəti olan yallıların qorunub saxlanmasına, ölkədə və xaricdə təbliğinə xidmət edib.  

Hələ gənc yaşlarında öz sənətinin mahir ifaçısına çevrilən Kamal Babayev 1975-ci ilin may ayında “Şərur yallıları” haqqında 35 dəqiqəlik sənədli televiziya filminə çəkilib, 1977-ci ildə ümumittifaq festivalında laureat medalı ilə təltif olunub. ­

“Şərur” Xalq Yallı Ansamblı ilə birlikdə müxtəlif ölkələrdən Naxçıvana mükafat kimi “Qızıl açar”, “Qızıl balta” nişanları, medallar, diplomlar gətirməkdən yorulmayıb. Yallıların elə nadir növləri var ki, bu gün onların hamısını çox az insan bilər. Belə qənimət adamlardan olan Kamal Babayev Şərur yallılarını özündən əvvəlki nəsillərdən alıb özündən sonrakı nəsillərə ötürməyi bacaran sənətkardır. 

Yallılara bu sevginin nəticəsidir ki, uzun illərdir, Şərur rayonunda fəaliyyət göstərən yaşlılardan ibarət “Nurani”, uşaqlardan ibarət “Şərur qönçələri”, eyni zamanda yeniyetmələrdən ibarət “Şərur” Xalq Yallı ansambllarını qara zurnada, balabanda, tütəkdə müşayiət edib. Hətta ən qədim yallılarımızın qara zurnada ifası Avropanın musiqi paytaxtı kimi bilinən Avstriyanın başkəndi Vyanada hazırlanan diskdə buraxılıb. 

Bu yerdə onu da vurğulamaq lazımdır ki, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev  Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yallılarımız “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma siyahısına daxil edilib. Şübhəsiz, bu uğura nail olunmasında Şərur yallılarının qara zurnada ifaçısı kimi Kamal Babayevin də rolu az olmayıb. Milli musiqi mədəniyyətimizin, folklorumuzun inkişafında xidmətlərinə görə 2008-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına və 2012-ci ildə Prezident mükafatına layiq görülüb. 

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, ustad tarzən Əkrəm Məmmədov qeyd edir ki, “Kamal Babayev “Şərur” Xalq Yallı Ansamblının döyünən ürəyidir”. Kamal müəllimin qaragül dərisindən bir buxara papağı var. O papaqlı obrazı gözlərimin önündə canlananda elə bilirəm, bəs yenə oğuz eli toplaşıb, toy-düyün çadırları qurulub, ozanlar bir tərəfdən hazır dayanıb, el igidləri oxlarını çiyinlərindən aşırıb qılınclarının tiyəsindən yapışıblar, gənc oğlan və qızlar milli geyimlərində səf-səf düzülüb yallı hazır­lığındadırlar. Kamal Babayev də öz qara zurnasını sol əlində düz ürəyinin üstündə tutub. Hamı “Dədə Qorqud”un xeyir-dua verməsini gözləyir. El sənətkarının bu ağır yerişli görkəmiylə xəyal səyahətinə çıxanda akademik İsa Həbibbəylinin “Harada yallı varsa, Oğuz babalarımızın məskənidir, yallı Oğuz babalarımızın möhürüdür” fikri alıb aparır məni. Şərur da Oğuz elidir. Adı “Dədə Qorqud” dastanlarının yer-yurdları arasında çəkilən məkandır. Azərbaycan musiqisinin misilsiz ustadı Üzeyir Hacıbəyov da boşuna deməyib: “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub”.

Şərurda təkcə yallı doğulmayıb. O yallıları öz qanında, canında genetik irs kimi daşıyan sənətkarlar – da doğulub. Kamal Babayev də onlardan biridir.  

Fikirlərə dalıb yenidən Kamal Babayevin ifasında “Cəngi” havasına köklənirəm. Azərbaycan xalqının son illərdə, son aylarda, son günlərdə bütün ruhu elə bilirəm ki, “Cəngi” havasına köklənib. Kamal Babayev “Cəngi” havasını zurnada ifa edir, yumruq olan xalq isə yallı birliyi kimi səf-səf düzülüb.

Məşhur rəssamlardan birinin belə bir sözü var: “Bu rəsmləri mən çəkmirəm. Əlimdən tutan biri var”. Elə o fikrə söykənib deyə bilərəm ki, bu yazını mən yazmadım, əlimdən tutan bir qüvvə var idi. Bəlkə də, qiyamət günündə Sur səsini zurna avazıyla dəyişdirmə çağırışına razılığını bu yolla bildirmək istəyirdi Yaradan. Bəxş etdiyi istedada xəyanət etməyən bəndəsinə 70 illik yubiley təbriki kimi.  

Elxan YURDOĞLU
şair-publisist, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat 
İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: