Naxçıvanın 135 yaşlı sənət ocağı

A- A A+

Bu gün-may ayının 11-i Naxçıvan teatrının yaranma günüdür.1883-cü ildə yaranan bu sənət ocağı Azərbaycanda və Şərqdə ikinci teatr sayılır.

Teatr-bu söz artıq 145 ildir ki Azərbaycan xalqının həyatına, mədəniyyəti, mənəvi dəyərlərı sırasına  daxil olub. 1873-cü ildə  tərəqqipərvər ziyalılarımız  tərəfindən nəinki Yaxın Şərqi, bütün  dünyanı heyrətə gətirən bir addım atıldı. Onlar ilk dəfə olaraq Azərbaycanda teatr yaratdılar. Hələ 1850-ci illərdə yazdığı 5 komediya ilə  milli dramaturgiyamızın əsasını qoyan görkəmli ziyalımız  Mirzə Fətəli Axundovun qələmə aldığı -  1873- cü ilin  martın 10 da oynanılan   “Lənkəran xanının vəziri” komediyası ilə Azərbaycan teatrının əsası qoyuldu. Bundan sonra mədəniyyətimizdə və incəsənətimizdə  yeni bir dövr - teatr erası başladı. Beləliklə, şərqin ilk peşəkar sənət ocağı-milli  Azərbaycan  teatrı yarandı. Azərbaycanda teatr hərəkatı elə bir vüsət  aldı ki,  az bir zamanda Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyevin   dram əsərləri hazırlanaraq  tamaşaçılara təqdim edildi. Ölkədə teatr adlanan bir hərəkat düşüncələrdə, fikirlərdə mədəni inqilab etməyə başladı. Teatr insanların mənəvi- estetik zövqünə təsir etməklə bərabər ədəbiyyata da təsirsiz ötüşmədi.  Yeni -yeni yazarlar- dramaturqlar meydana  gəldi.  Bu möhtəşəm hadisə  doğma Naxçıvanımızı da əhatə elədi. 1883-cü ildə görkəmli maarifpərvər ziyalı Eynəli bəy Sultanovun rəhbərliyi ilə naxçıvanlı teatrsevərlər  kiçik bir məkanda -Hacı Nəcəf Zeynalovun evində Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” əsəri ilə Naxçıvan teatrının təməlini qoydular. Bu həvəskar teatrda  isə Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Eynəli bəy Sultanovun əsərləri səhnə təcəssümü tapdı.  Maraqlı burasıdır ki,  Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah  ” komediyası   bu gün də Naxçıvan teatrının  repertuarındadır.

Naxçıvan teatrı  1920- ci illərə  qədər müstəqil həvəskar fəaliyyət göstərib. 1922-ci ildən isə ona Dövlət  Teatrı  statusu verilib. Teatr əvvəllər Mirzə Fətəli Axundovun adını daşıyıb. Sonralar isə , daha dəqiqi- 1965 ci ildən isə,  bu teatrın yarandığı ilk illərdə  çox gənc olmasına baxmayaraq   onun  təkmilləşməsində  müstəsna rolu olan Cəlil Məmmədquluzadənin adı verilib.  Naxçıvan teatrı öz repertuarına təkcə yerli yazarların  deyil, dünya səviyyəli  dramaturqların əsərlərini daxil edib. Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid , Səməd Vurğunla yanaşı Şekspir, Şiller, Molyer, Çexov kimi dahi ,dünyaca məşhur dramaturqların da əsərləri səhnəyə qoyulub. Digər maraqlı fakt isə odur ki, bu teatrın səhnəsində onlarla musiqili komediya, operettalar hazırlanıb. Məhz bu fəaliyyətinə görə Naxçıvan teatrına “Dövlət Musiqili Dram Teatrı”  statusu verilib. Bütün bu uğurların arxasında isə bir fakt dayanırdı- güclü , peşəkar  aktyor truppası. 19-cu əsrin sonları və 20-ci əsrin əvvələrindəki çətinliklər, sənət adamlarına ikrahla baxan bəzi bəsıt  şərq təfəkkürlü insanların yaratdığı problemlərə baxmayaraq Naxçıvan teatrının səhnəsində peşəkar, bu gün bütün Azərbaycanda tanınan aktyor və aktrisalar, rejissorlar yetişdi. Səməd Mövləvi, Kazım Ziya, Əli Xəlilov,  Xədicə Qazıyeva, Miribrahim Həmzəyev, Zəroş Həmzəyeva,  Firuzə Əlixanova, İsa Musayev, Əyyub Haqverdiyev, Sofya Hüseynova və nə qədər sənətkar bu teatrın səhnəsində öz sözünü deyib və gedib. Bu gediş isə səssiz –nəticəsiz olmayıb, onlar öz yerlərini teatrın indiki nəslinə estafet kimi ötürüb.  Bu günkü peşəkarlar onların sənət ənənəsini davam etdirilər.

Tamaşaçıların zövqünü oxşayan əsərlərlə onların görüşünə gələn, insanlara gülüş, düşüncə, həss  anlar yaşadan Naxçıvan teatrının 100 illik yubileyi 1987- ci ildə dövlət səviyyəsində təntənə ilə qeyd edilib. Bu münasibətlə teatrın sənət adamlarına yüksək fəxri adlar, dövlət mükafatları verilib.  Bu yubileyə  qədər  Naxçıvan teatrı o zamankı Sovet İttifaqında öz sözünü deyən sənət ocağı idi.  1983-cü ildə Sofoklın “Elektra” tamaşası Mərkəzi televiziya ilə nümayiş olunmuş və həmin dövrdə tamaşaçıların sevgisini qazanan Naxçıvan teatrı tamaşaçı auditoriyasının çoxluğuna görə SSRİ kimi bir məkanda 3-cü yerə çıxmışdı. Təbii ki, bütün bu uğurların arxasında o zaman Azərbaycanda siyasi hakimiyyətdə olan ümummilli lider Heydər Əliyevin teatra, mədəniyyətimizə  göstərdiyi sevgi və qayğı da danılmazdır. Çünki, hələ yeniyetməlik illərində Naxçıvan teatrına xüsusi rəğbəti olan ümummilli lider Heydər Əliyev etiraf edirdi ki, onun natiqlik ustalığında  Naxçıvan teatrının və onun istedadlı sənətkarlarının çox böyük təsiri olub.  Naxçıvan teatrı bir sənət məktəbidir. Burda yetişən və təcrübə keçən onlarla aktyor indi ölkə səviyyəsində müxtəlif mədəniyyət ocaqlarında Naxçıvanın  teatr  məktəbini  uğurla təmsil edirlər. Bu teatr 135  il ərzində inadla və ciddi cəhdlə muxtar respublikada mədəni mühit yaratmaqla bərabər, səviyyəli tamaşaçı auditoriyası da  qazanıb. Etiraf edək ki,  Naxçıvanda fəaliyyət göstərən xalq teatrları bir zaman Naxçıvan Dövlət Musiqili Dram Teatrı üçün əsaslı aktyor bazası sayılırdı.

Naxçıvan dövlət musiqili dram teatrının təsiri ilə böyüyən gənc nəslin nümayəndələri də  özünü bu teatra həsr edib. O da faktdır ki, Naxçıvanda yaranan mədəni mühitin nəticəsi idi ki, 1989-cu ildə muxtar respublikada Kukla Teatrı yaradıldı. 1990-cı ildən ilk tamaşası ilə balaca tamaşaçıların görüşünə gələn bu teatr az bir zamanda bu sahədə uğurlara imza atdı. Məmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla teatrı təkcə ölkəmizdə deyil,  Türkiyə, İran, Tacikistan da uğurla çıxışlar edərək beynəlxalq festivallarda layiqli yerlər qazanıb.

Teatr hamı üçündür. Onu hamı sevir və səhnəsindən təqdim edilən əsərlərə təkcə tamaşaçı kimi baxmır, həm də hadisələrin iştirakçısına çevrilir. Teatr bütöv bir nəsli tərbiyə edərək yetişdirib. Bu sənət məbədinə bağlı adamlar onu xalqın ən qiymətli dəyərləri ilə yan-yana qoyur. Məhz buna görə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125   illiyi  ölkə səviyyəsində qeyd edildi.  2012-ci ildə dövlət qayığısı ilə teatrın binası əsaslı şəkildə təmir edilərək dünya teatrlarının tələblərinə tam şəkildə  uyğunlaşdırıldı.  Naxçıvanda teatra göstərilən dövlət qayğısına daha bir misal  2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin  sərəncamı ilə Dövlət Uşaq Teatrının  yaranmasıdır. Hazırda teatrın repertuarında 15 ə yaxın  tamaşa var.  Burdakı tamaşaların aktyorları adətən həvəskar uşaq-aktyorlardan seçilir. Onu da qeyd edək ki, bir zaman bu teatrın səhnəsində ilk kövrək addımlarını atan uşaqlardan bir neçəsi indi Naxçıvan Dövlət Musiqili Dram Teatrın tanınan aktyorlarıdır.  Bu isə onu göstərir ki,  Dövlət Uşaq Teatrı həm də böyük saydığımız Naxçıvan Dövlət Musiqili Dram Teatrı üçün potensial aktyor bazası yetişdirir.

Bu gün Azərbaycan teatr aləminə özünə görə uğuru olan teatrlarımız , istər Naxçıvan Dövlət Musiqili Dram Teatrı, istər Kukla Teatrı, istərsə də Uşaq Teatrının aktyorları  öz sələflərinə – ömür yolu bu səhnədən gəlib keçən aktyorlara , rejissorlara borcludur. Onlar isə özlərindən sonra möhkəm təməllər üzərində qurulan sənət ənənəsini qoruyan yeni nəsil aktyorlar və rejissorlar yetiriblər.

Teatr –bəzən beş hərfdən ibarət bu sözün arxasında bütöv bir dünya, canlı aləm,  hissələr və emosıyalar, insanlar və talelər dayanır. Bəzən bu beş hərfdən ibarət söz bütöv bır millətin, xalqın varlığını, onun dünyagörüşünü, ən əsası mədəniyyətini  əks etdirən bır göstərici olur. Təbii kı, bütün bunların arxasında insan- teatrın səhnəsinə can verən aktyor və aktrisa dayanır.  Amma yenə də  teatr aktyor və rejissorla fəaliyyət göstərsə də  nəfəs aldığı varlıq onun tamaşaçısıdır.  Aktyor  üçün ən qiymətli hədiyyə də elə tamaşaçı alqışıdır. Bu gün baxdığımız  hər tamaşadan sonra  aktyorlarımızın ünvanına göndərilən  alqışlar təkcə aktyor oyununa deyil, həm də böyük sənət məbədi olan teatra sevginin ,sayğının göstəricisidir. Teatrı heç vaxt unutmayaq.

   Səməd Canbaxşiyev

   Naxçıvan televiziyası

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: