Naxçıvanda görkəmli fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 132-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti NUHÇIXAN-a verilən məlumata görə, yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Qədim diyarın yetirmələri: Bəhruz bəy Kəngərli - 132”  mövzusunda tədbir keçirilib.

Tədbir Bəhruz Kəngərli adına Rəssamlar Parkında görkəmli rəssamın abidəsinin ziyarət edilməsi ilə başlayıb.

Bəhruz Kəngərli Muzeyində davam etdirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov çıxış edərək bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin ölkədə, eləcə də muxtar respublikamızda geniş şəkildə qeyd edilməsi nəzərdə tutulmuşdur. Bu gün Bəhruz Kəngərli Muzeyində qədim Naxçıvan torpağının yetirməsi, Azərbaycan realist rəssamlığının banisi Bəhruz bəy Kəngərlinin anadan olmasının 132-ci ildönümünə həsr olunmuş tədbir də həmin tədbirlər sırasına daxildir.

Vurğulanıb ki, Bəhruz Kəngərli Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşmasında müstəsna xidmətlər göstərmişdir.

Diqqətə çatdırılıb ki, “Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir”, – deyən ulu öndərin mədəniyyət siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bəhruz Kəngərlinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 aprel 2012-ci il tarixdə “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncam imzalamış, Sərəncama əsasən, görkəmli rəssamın yubileyi ölkə miqyasında geniş qeyd olunmuşdur.

Daha sonra Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin “Əbədiyyət qazanan rəssam”  və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın “Azərbaycan təsviri sənətində Bəhruz Kəngərli” mövzulu çıxışları dinlənilib.

Tədbirin davamında rəssam Şahin Rəsulzadə tərəfindən “Bəhruz Kəngərlinin portreti” rəsm əsəri muzeyə hədiyyə olunub.

Sonda Bəhruz Kəngərli Muzeyinin ekspozisiyasına baxışla tədbir başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: