Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.
NUHÇIXAN xəbər verir ki, məktubda deyilir:
"Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Aramızda uzun illərdən bəri təşəkkül tapmış səmimi dialoq və qarşılıqlı anlaşma ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında həmrəyliyin bərqərar olmasına xidmət edir.
Azərbaycanın multikulturalizm və inklüzivlik ənənələrinə, dünyada dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqində roluna verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkürümü ifadə edirəm.
Əminəm ki, Azərbaycan-Müqəddəs Taxt-Tac nümunəvi əməkdaşlığı bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin bərqərar edilməsinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs amallar naminə ali missiyanızda uğurlar diləyirəm".