NUHÇIXAN xəbər verir ki, mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması və fəaliyyətinin təşkili barədə Fərman imzalayıb.
Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə" və Agentliyinin strukturu təsdiq edilib. Agentlik Naxçıvan Muxtar Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, Naxçıvan Muxtar Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək.
Eyni zamanda həmin Fərmanla Agentliyin tabeliyində “Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi yaradılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclis sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim edəcək.