Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsində dəyişiklik edilməsi qanunu təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, DSMF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proqnoz 6 919,9 milyon manatdan 6 949,9 milyon manata çatdırılıb.
Gəlirlərdəki artımı məcburi dövlət sosial sığorta haqları ilə bağlı proqnozun 5 288,1 milyon manatdan 5 478,1 milyon manata, o cümlədən qeyri-büdcə sektorundan sosial sığorta daxilolmaları ilə bağlı proqnozun 3 387,1 milyon manatdan 3 577,1 milyon manata çatdırılması, əvəzində isə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin 1 392 milyon manatdan 1 232 milyon manata endirilməsi təmin edəcək.
Xərclərdəki artım isə əhaliyə ödənişlər üzrə xərclərin 6 681,6 milyon manatdan 6 706,6 milyon manata, o cümlədən əmək pensiyasının ödənilməsi xərclərinin 6 500 milyon manatdan 6 525 milyon manata, eləcə də Fondun aparatının və struktur bölmələrinin saxlanılması xərclərinin 130,1 milyon manatdan 135,1 milyon manata çatdırılması hesabına olacaq.