Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi yaradılıb

A- A A+

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin yaradılması haqqında" Fərman imzalayıb.

NUHÇIXAN-ın xəbərinə görə, Fərmanla müəyyən edilib ki, Mərkəz Azərbaycanda turizm və rekreasiya zonalarının fəaliyyətinin təşkilini, onların idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən publik hüquqi şəxsdir.

Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Mərkəzin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir.

Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

1. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

2. Mərkəzin yenidən təşkili və ləğvi;

Nazirlər Kabinetinə Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi tapşırılıb.

Agentliyə isə Fərmanda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli həvalə edilib

Nazirlər Kabineti Mərkəzin nizamnaməsini iki ay müddətində təsdiq etməli, Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı üç ay müddətində zəruri tədbirlər görməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Agentlik Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşı, vəzifə maaşına əlavələr, mükafatlar və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli və Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: