Prezident İlham Əliyev itkin düşmüş şəxslər probleminin həlli mövzusundakı konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda oktyabrın 2-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
NUHÇIXAN-ın xəbərinə görə, müraciətin mətnini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.
Müraciət mətnini təqdim edirik:
"Hörmətli konfrans iştirakçıları!
Sizi itkin düşmüş şəxslər probleminə həsr olunmuş beynəlxalq konfransda salamlayıram.
Azərbaycanın təşəbbüsü ilə silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə dair ölkəmizdə ikinci beynəlxalq konfransın keçirilməsi bu mövzunun aktuallığını və problemin həllində qlobal səylərin artırılmasının vacibliyini bir daha təsdiq edir.
İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır ki, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşmüşdür.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq etmişdir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır.
Siz sabah Azərbaycanda akkreditə olunmuş diplomatik korpusla birgə Ağdərə rayonunun Sırxavənd kəndində kütləvi məzarlıqların birinə baş çəkəcəksiniz. Ermənistanın işğalı altında olan zaman Şuşa həbsxanası azərbaycanlı əsir və girovların saxlanıldığı və işgəncələrlə öldürüldüyü konsentrasiya düşərgəsi kimi fəaliyyət göstərmişdir.
Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır.
Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir.
Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər.
Azərbaycan dövləti itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bütün zəruri addımları atır. 1993-cü ildən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu humanitar missiyanı layiqincə yerinə yetirir. Vətən müharibəsindən sonra Komissiyanın fəaliyyəti daha da genişləndirilmiş və yaxşı nəticələr əldə edilmişdir. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar hərbi ehtiram göstərilməklə dəfn edilmişdir.
Bu günədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır.
Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnız öz problemi kimi deyil, dünyanın bir sıra ölkələrinin üzləşdiyi qlobal problem kimi yanaşır. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusunda qətnamənin irəli sürülməsi və konsensusla qəbul olunması bu məsələyə beynəlxalq səviyyədə diqqətin artırılması istiqamətində fəaliyyətimizin tərkib hissəsidir.
Bu xüsusda, məsələyə beynəlxalq müstəvidə lazımi diqqətin ayrılmasını təmin etmək üçün BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik.
Sonda konfransın işinə uğurlar diləyir və onun itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində qlobal fəaliyyətə dəyərli töhfə verəcəyinə dair əminliyimi ifadə edirəm".