Türkiyə mediası Azərbaycan və Türkiyə prezidentlərinin Bişkek görüşünü geniş işıqlandırıb - FOTOLAR

A- A A+

Türkiyənin aparıcı informasiya agentlikləri, televiziya kanalları, çap mediası və xəbər portalları Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü geniş işıqlandırıb.

NUHÇIXAN xəbər verir ki, Türkiyə mediası iki qardaş ölkənin liderlərinin görüşünün əhəmiyyətinə diqqət çəkərək, Prezident Ərdoğanın Azərbaycanla əlaqələrin, o cümlədən energetika, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığın əhəmiyyətinə dair fikirlərini diqqətə çatdırıb.

Türkiyə lideri qeyd edib ki, Ankara ilə Bakı arasında əməkdaşlığın dəyəri regionda gedən proseslər fonunda daha aydın görünür. O, “İki dövlət, bir millət” kəlamına uyğun olaraq, Azərbaycanla bütün sahələrdə münasibətlərin daha da dərinləşdirilməsinə hazır olduqlarını və bunun hər iki tərəfə fayda verəcəyini vurğulayıb.

Materiallarda Prezident Ərdoğanın Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə verməyə hazır olması barədə fikirlərinə də xüsusi diqqət yetirilib. Türkiyə Prezidentinin “Bakı ilə İrəvan arasında davamlı sülhün bütün region üçün xüsusi əhəmiyyət daşıdığı” barədə sözləri milyonlarla tamaşaçı və oxucu auditoriyasına çatdırılıb.

Qeyd edək ki, Türkiyənin bir sıra televiziya kanalları Bişkekdə keçirilən ŞƏT sammitinin gedişini canlı efirdə tamaşaçılara çatdırırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: