Azərbaycan Metrologiya İnstitutunun əməkdaşlarına “Tərəqqi” medalları təqdim edilib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, metrologiya sahəsinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) “Tərəqqi” medalı ilə təltif olunan əməkdaşlarına medalların təqdim olunması ilə bağlı tədbir keçirilib.
Dövlət Agentliyindən NUHÇIXAN-a bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən qurum sədri Elnur Bağırov əməkdaşları təbrik edib, AzMİ əməkdaşlarının dövlət səviyyəsində təltif edilməsinin onların fəaliyyətinə verilən yüksək qiymətin və göstərilən etimadın bariz ifadəsi olduğunu bildirib. Ölkəmizdə metrologiya sisteminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və ixtisaslaşmış kadr potensialının gücləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib. Həmçinin ölçmələrin dəqiqliyi və etibarlılığının iqtisadiyyatın müxtəlif sahələri üçün əhəmiyyəti vurğulanıb, AzMİ-nin bu istiqamətdə əldə etdiyi nailiyyətlərdən bəhs edilib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülən əməkdaşlara dövlət mükafatları təqdim olunub.
Tədbir çərçivəsində Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov çıxış edərək AzMİ-nin əməkdaşlarının əməyinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinə görə kollektiv adından minnətdarlığını ifadə edib.
Tədbirdə, həmçinin Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET) tərəfindən “COOMET-in əməkdar metroloqu” fəxri adına layiq görülmüş əməkdaşlara da müvafiq medallar təqdim olunub.
Sonda əməkdaşlara metrologiya sahəsində göstərdikləri səmərəli fəaliyyətə görə təşəkkür edilib, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.