Prezident İlham Əliyev BP-nin yeni baş icraçı direktorunu qəbul edib - YENİLƏNİB - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib.
NUHÇIXAN xəbər verir ki, Mürrey Aukinklos İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.
Bakıya səfərindən məmnunluğunu ifadə edən qonaq Azərbaycanın 30 ildə qazandığı nailiyyətlər münasibətilə də təbriklərini çatdırıb, bu müddətdə ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin iqtisadiyyatımızın inkişafına yönəldilməsinin önəmini vurğuladı. Mürrey Aukinklos Azərbaycan ilə BP-nin əməkdaşlığını məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev uzun illər ərzində ölkəmizin BP ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyib. Dövlətimizin başçısı 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin önəmini vurğulayaraq, həmin dövrdən başlayaraq Azərbaycan ilə BP arasında strateji tərəfdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycan Prezidenti ölkəmizdə enerji resurslarının istehsalından əldə olunan gəlirlərin iqtisadi, sosial və bütün digər sahələrin inkişafına səmərəli surətdə yönəldildiyini bildirib.
Görüşdə ölkəmizlə əməkdaşlığın nəticələrindən biri olaraq Azərbaycanın bölgənin bir sıra və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə, xüsusilə dayanıqlı qaz təchizatına töhfəsinə toxunuldu, yeni dövrdə ölkəmizin karbohidrogen enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələrinin potensialı qeyd edildi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bu il BP şirkəti tərəfindən bu istiqamətdə layihənin həyata keçiriləcəyi vurğulanıb.
Söhbət zamanı BP ilə SOCAR arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.