Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı qeyd olunub - FOTOLAR

A- A A+

Yola saldığımız 2018-ci il müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının tarixinə uğurlu inkişaf dövrü kimi daxil olub. Ötən il ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi sosial-iqtisadi və ictimai-mədəni sahələrdə əlamətdar hadisələrlə yadda qalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri və bu zaman mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi 2018-ci ilin ən mühüm hadisəsi olub. Həmçinin Naxçıvan şəhəri “İslam Mədəniyyətinin Paytaxtı”, ölkəmizin Gənclər Paytaxtı kimi tarixi missiyanı uğurla başa çatdırıb. İqtisadi, mədəni və sosial rifahın təmin olunması sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasını ikinci dəfə ölkəmiz üzrə investisiya reytinqinin qalibi edib.

Əldə olunan nailiyyətlər 2019-cu ildə də muxtar respublikada inkişafın və sabitliyin davam etdiriləcəyinə təminat verir, birlik və həmrəyliyimizi daha da möhkəmləndirir.

NUHÇIXAN xəbər verir ki, dekabrın 31-də Naxçıvan şəhər sakinləri və şəhərimizin qonaqları həmrəylik bayramını və yeni ilin gəlişini böyük ruh yüksəkliyi və bayram gəzintisi ilə qeyd ediblər.

Naxçıvan şəhərinin mərkəzi meydanında yolka qurulmuş, al-əlvan işıqlarla bəzədilmiş şəhər bayram libasına bürünmüşdü.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda və şəhərin digər yerlərində quraşdırılan monitorlar vasitəsilə yayımlanıb. Azərbaycan xalqına xoş arzularını çatdıran ölkə Prezidenti deyib: “Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.

Gecə saatlarında Naxçıvan şəhərinin mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: