İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.
NUHÇIXAN xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizin fəallaşacağına ümidvar olduğunu vurğuladı.
Prezident İlham Əliyev Malayziyanın beynəlxalq aləmdə Azərbaycana göstərdiyi dəstəyə toxunaraq həm torpaqlarımızın işğalı zamanı, həm də tarixi nailiyyətimiz olan ərazilərimizin işğaldan azad olunmasından, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonra Malayziyanın ölkəmizə daim dəstək göstərməsini yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti torpaqlarımızın ermənilər tərəfindən işğalı dövründə həmin ərazilərimizdə məhv edilmiş dini-tarixi abidələrimiz barədə məlumat verdi.
Datuk Mutanq Taqalın ölkəmizə səfərinin münasibətlərimizin genişlənməsi, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişafı baxımından önəmini qeyd edən dövlətimizin başçısı bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.
Datuk Mutanq Taqal ilk növbədə Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin salamlarını və yenidən prezident seçilməsi münasibətilə bir daha təbriklərini dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziyanın Kralına çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkələrimizin bu hərəkatın gücləndirilməsi istiqamətində fəal birgə əməkdaşlıq həyata keçirdikləri, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında da Azərbaycan ilə Malayziyanın yaxından qarşılıqlı fəaliyyət göstərdikləri məmnunluqla qeyd olundu.
Ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan ilə Malayziya arasında mövcud olan güclü siyasi əlaqələrin investisiya, ticarət sahələrində və biznes dairələri arasında əməkdaşlığın fəallaşması üçün yaxşı imkan yaratdığı bildirildi.
Görüşdə COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.