Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Sərəncamda qeyd edilib ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılıb.
Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görüb. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilib.
2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.
Sərəncamda vurğulanıb ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq Sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.