Həkim ambulatoriyasında müasir səhiyyə xidməti göstəriləcək - FOTOLAR
Muxtar respublikada müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır.
NUHÇIXAN xəbər verir ki, yanvarın 14-də Dəstə kəndində həkim ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, ambulatoriya 11 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, fizioterapevtik kabinə, doğuş, peyvənd, mama, manipulyasiya, qeydiyyat, tibb bacısı otaqları və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapevtik kabinədə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı, solyuks lampası vardır. Bildirilib ki, ötən il Dəstə kəndində 46 uşaq doğulub.
Ambulatoriyanın baş həkimi, Azərbaycan Respublikasının Əməkdar Həkimi Xırdaxanım Ağayeva kəndə tibbi xidmətin təşkili üçün yaradılan hərtərəfli şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Ali Məclisin Sədri tibbi profilaktikaya və maarifləndirmə işlərinə diqqətin artırılması, eləcə də rayon mərkəzi xəstəxanası ilə ambulatoriyalar arasında əlaqələrin gücləndirilməsi barədə tapşırıqlar verib.
Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri görülüb.