Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub - FOTOLAR
Yanvarın 19-da Naxçıvanda bir şəhid ailəsinə və bir Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə isə minik avtomobili təqdim olunub.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və sağlamlıq imkanları məhdud şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir. Ölkə Prezidenti tərəfindən bu sahədə mühüm tədbirlər həyata keçirilir, müvafiq kateqoriyadan olan insanlara mənzil və minik avtomobilləri verilir, onlar müalicələrə göndərilir və sağlamlıqlarının qayğısına qalınır.
Ali Məclisin Sədri deyib: Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi Azərbaycana sabitlik, inkişaf və tərəqqi verib. Nəticədə digər sahələrlə yanaşı, sosial qayğıya ehtiyacı olanların rahat yaşayışı da təmin edilib, onlar lazımi dövlət qayğısı ilə əhatə olunublar. Hər il muxtar respublikada da şəhid ailələri və sağlamlıq imkanları məhdud şəxslər üçün mənzillər tikilir, onlar avtomobillə təmin olunurlar. Muxtar respublikada 215 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və şəhid ailəsinə mənzil verilib, müvafiq kateqoriyalı sağlamlıq imkanları məhdud 461 nəfər minik avtomobili ilə təmin edilib. Ötən ilin dekabr ayında Şərur rayonunda müvafiq kateqoriyadan olan 4 sağlamlıq imkanları məhdud şəxsə mənzil və avtomobil verilmişdir. Bu gün isə bir şəhid ailəsinə və Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə isə minik avtomobili təqdim olunur.
“Mənzil və avtomobillərin təqdim olunması vətən qarşısında öz vəzifələrini və vətənpərvərlik borclarını layiqincə yerinə yetirmiş insanlara dövlətimiz tərəfindən göstərilən qayğıdır. Bu şəxslərin vətən yolunda göstərdikləri xidmətlər digər insanlar üçün nümunədir”, - deyən Ali Məclisin Sədri ailəsi mənzillə təmin olunan şəhidə və bütün şəhidlərimizə rəhmət diləyib, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və məhdud fiziki imkanlı şəxsə təşəkkür edib, onlara yeni mənzillərində firavan həyat arzulayıb.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərin reabilitasiyası, onlara sosial xidmətlərin göstərilməsi, təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi daim diqqət mərkəzindədir. Bununla yanaşı, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu gün təqdim olunan mənzillər və avtomobil də göstərilən qayğının daha bir ifadəsidir.
Ali Məclisin Sədri mənzillərin orderlərini və “NAZ Lifan 320” markalı minik avtomobilinin açarını təqdim edib.
Şəhid Tural Həşimlinin həyat yoldaşı Şəbnəm Həşimli göstərilən qayğıya görə bütün şəhid ailələri adından minnətdarlığını bildirib.
Azərbaycan Vətən Müharibəsi iştirakçısı Qurban Məmmədov minnətdarlıq edərək deyib ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. Bu gün ölkəmizin qüdrəti artır, insanların həyat səviyyəsi yaxşılaşır. Ölkəmizdəki, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızdakı sabitlik və inkişafı gündəlik həyatımızda hər an hiss edirik. Yaradılan şəraitin nəticəsidir ki, çox rahat yaşayırıq. Ümummilli Liderimizin Naxçıvanda başlatdığı ordu quruculuğu siyasətinin nəticəsidir ki, qüdrətli ordumuz var. Dövlətimizlə, ordumuzla, rəhbərimizlə fəxr edir, böyük qürur hissi keçiririk. Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərə, şəhid olanların ailəsinə dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Mənzillə təmin olunacağımı eşidəndə çox sevindim. Çünki bu, dövlətin öz vətəndaşına verdiyi ən yüksək dəyərdir.
Avtomobil təqdim olunan Elməddin Səmədov deyib: Mən Heydər Əliyev adına Hərbi Liseyin məzunuyam. Liseyin məzunları Azərbaycanın bütün bölgələrində uğurla xidmət edirlər. İstər təhsil aldığım, istərsə də xidmət etdiyim dövrdə daim qayğı ilə əhatə olunmuşam. Naxçıvan Muxtar Respublikasında xidmət edən zabitlər bunu hər zaman hiss edirlər. Bu gün avtomobillə təmin olunmağım da göstərilən qayğının daha bir ifadəsidir. Azərbaycanın müdafiəsi uğrunda bundan sonra da hər zaman hazırıq.
Şəhid ailəsinə verilmiş mənzil Ordubad şəhərində, Azərbaycan Vətən Müharibəsi iştirakçısına verilmiş mənzil isə Babək qəsəbəsində yerləşir. 2 otaqlı mənzillər təmir olunub və lazımi kommunal-məişət şəraiti yaradılıb. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə edilib.