Naxçıvan şəhərində yeni sənaye müəssisəsi istifadəyə verilib - FOTOLAR
Mayın 14-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi fəaliyyətə başlayıb.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının sədri Vüqar Abbasov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Müasir istehsal sahələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır, tələbat əsasən daxili imkanlar hesabına ödənilir. Bu gün istifadəyə verilən plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi də özəl sektorun inkişafına göstərilən qayğı nəticəsində yaradılıb. Müəssisənin yaradılmasına 27 milyon manat vəsait sərf olunub ki, onun 5 milyon manatı Sahibkarlığa Kömək Fondunun, 22 milyon manatı isə müəssisənin daxili imkanları hesabına ödənilib. Vüqar Abbasov sahibkarlığın inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı sahibkarlığın inkişafından asılı olacaqdır”, - fikrini xatırladaraq deyib: Azərbaycanda sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Ölkə Prezidenti tərəfindən bu sahənin inkişafı ilə bağlı qanun, sərəncam və digər normativ hüquqi aktlar qəbul olunmuşdur. Dövlət tərəfindən kreditlərin verilməsi isə sahibkarlığın inkişafı üçün daha geniş imkanlar açmışdır. Yaradılan şəraitin nəticəsidir ki, artıq ölkəmizdə sahibkarlar sinfi formalaşıb. Bu gün yeni sənaye müəssisəsinin istifadəyə verilməsi də sahibkarlığa göstərilən qayğının daha bir ifadəsidir.
Ali Məclisin Sədri deyib: Şirkət ilk fəaliyyətə başladığı dövrdə uğur qazana bilməsəydi, bu gün yeni istehsal sahələrini yaratmaq da mümkün olmayacaqdı. Ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan şərait imkan verdi ki, şirkət fəaliyyətini daha da genişləndirsin. Yeni sənaye müəssisəsi yaradılarkən həm sahibkarlığa kömək fondundan ayrılan kreditdən, həm də sahibkarın öz vəsaitindən istifadə olunmuşdur.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə etdiyinə və yeni sənaye müəssisəsinin fəaliyyətə başlamasına görə sahibkara və kollektivə təşəkkür edərək deyib: Sahibkarlıq sinfi o yerdə formalaşır ki, orada sahibkarlığın inkişafına dövlət qayğısı göstərilir, bu sahə ilə bağlı müvafiq qanunlar qəbul və icra olunur, eyni zamanda istehsal olunan məhsulların bazarı vardır. Yeni müəssisə də ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün yaradılan şəraitdən bəhrələnilərək qurulmuşdur. Müəssisənin istehsal etdiyi məhsulların daxili bazarda satışı üçün hərtərəfli şərait var. Bu gün tələbatın yerli istehsal hesabına ödənilməsi və yeni iş yerlərinin açılması qarşıda duran əsas vəzifələrdəndir. Müəssisənin istehsal gücü ayda 1500 tondur. İstehsal olunan məhsullara olan daxili tələbat isə ayda 250 tondur. Tələbatdan artıq istehsal olunan məhsullar xarici ölkələrə ixrac olunacaq və ölkəmizin digər bölgələrində satışı həyata keçiriləcəkdir. Bu da muxtar respublikamızın ixrac potensialının daha da artmasına və idxaldan asılılığın azalmasına imkan verəcəkdir. Eyni zamanda müəssisədə ilkin mərhələdə 300-ə yaxın yeni iş yerinin açılması və gələcəkdə işçi sayının artması ailələrə dəstəkdir. Bu gün Naxçıvan Muxtar Respublikasında işsizlik problemi yoxdur. Yeni iş yerlərinin açılması hər ailədə bir neçə nəfərin işlə təmin olunmasına imkan verir. Bu da ailələrin yaşayış səviyyəsinin yaxşılaşmasına şərait yaradır.
Ali Məclisin Sədri deyib: Daxili bazarda satılan yerli məhsullar keyfiyyətli və rəqabətqabiliyyətli olmalıdır. Vətəndaşları keyfiyyətsiz məhsul almağa məcbur etmək olmaz. Əgər daxili bazara keyfiyyətli yerli məhsullar çıxarılmasa, o zaman insanlar xarici bazarlara üz tutacaqlar. Ona görə də keyfiyyət amilinə ciddi diqqət yetirmək lazımdır. Dövlət sahibkara qayğı göstərirsə, sahibkar da bundan istifadə edərək səmərəli fəaliyyət göstərməli, öz işçilərinin qayğısına qalmalı, onların sosial problemləri ilə məşğul olmalıdır. İşin bu cür qurulması son nəticədə keyfiyyətli məhsul istehsalına imkan verir. Muxtar respublikanın aid təşkilatları bundan sonra da sahibkarlıq müəssisələrinin fəaliyyəti üçün lazımi şərait yaratmalı, daxili bazar qorunmalı, keyfiyyətli məhsul istehsalı diqqətdə saxlanmalıdır.
Ali Məclisin Sədri müəssisədə keyfiyyətli məhsul istehsal olunacağına əminliyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb və istehsal prosesi ilə tanış olub.
Məlumat verilib ki, 14 min kvadratmetr sahəsi olan müəssisə istehsal sahəsindən, idarəetmə və iş otaqlarından, laboratoriya, hazır məhsul və xammal anbarlarından ibarətdir. İstehsal sahəsində tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. İstehsal gücü ayda 1500 ton olan müəssisədə müxtəlif qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, eləcə də polietilen əsaslı sərt sulama boruları, PVC əsaslı lambir, saydinq və aksesuarlar, PVC əsaslı yumşaq rezin suvarma şlanqları, kanalizasiya boruları, müxtəlif boru fitinqləri olmaqla, 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan hər məhsul növünə beynəlxalq sertifikat verilib.
Laboratoriyada məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir. Quraşdırılan müasir avadanlıqlar məhsulların təzyiqə, istiliyə və zərbəyə davamlılığına, o cümlədən xammalın tərkibinin yoxlanmasına imkan verir. Müəssisənin Bakı şəhərində və rayonlarda satış mərkəzləri yaradılıb. Həmçinin məhsullar xarici ölkələrə ixrac olunacaq, gələcəkdə ixracyönümlü məhsulların sayını artırmaqla yeni bazarlara çıxış imkanları yaradılacaqdır.
Müəssisənin ərazisində təhlükəsizlik kameraları quraşdırılıb, işçilər nahar yeməyi, xüsusi geyim forması və nəqliyyat xidməti ilə təmin olunublar.