Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - YENİLƏNİB - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar.

NUHÇIXAN xəbər verir ki, dövlət başçılarına Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı barədə məlumat verən Bakı və Azərbaycan yepiskopu Aleksiy dedi:

-Hörmətli Vladimir Vladimiroviç, hörmətli İlham Heydər oğlu, sizi Bakı şəhərinin Kafedral kilsəsində salamlamağa şadam, bu, mənim üçün böyük şərəfdir. Üstəlik, bu gün İsa Peyğəmbərin mücəssəməsi günüdür.

Bu məbəd 2003-cü ildə azərbaycanlı mesenatların səyləri və Heydər Əlirza oğlu Əliyevin bilavasitə qayğısı ilə bərpa olunub və rəsmi olaraq açılıb. Bakı şəhərində məbədlərin bir çoxu Azərbaycan hökumətinin vəsaiti ilə bərpa edilib. Ona görə də Azərbaycanın bütün pravoslavları adından İlham Heydər oğluna təşəkkür etmək istəyirəm.

Prezident Vladimir Putin: Gözəldir. Sağ olun ki, dəstəkləyirsiniz.

Prezident İlham Əliyev: Bizim pravoslav vətəndaşlarımızın özlərini evlərindəki kimi hiss etmələrinə şadıq. Bu, hamının vahid dost ailə kimi yaşaması, dövlətimiz üçün böyük dəyərdir. Həm xristian, həm müsəlman, həm də yəhudi bayramlarını birlikdə keçiririk. Odur ki, burada belə bir vəhdət var.

X X X

Bildirildi ki, Bakı yeparxiyasının mərkəzi - Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya “Jen Mironosits” pravoslav kafedral kilsəsi 1909-cu ildə memar M.Verjbitskinin layihəsi əsasında rus üslubunda, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri iştirak ediblər.

Kommunist rejimi dövründə məbəddən anbar kimi istifadə olunub, bir müddət sonra isə idmançıların ixtiyarına verilib.

Məbədin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilib və burada təmir-bərpa işləri aparılıb.

Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy Azərbaycana səfəri zamanı 2001-ci il mayın 27-də bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib.

Azərbaycan və Rusiya prezidentləri kilsəyə xatirə hədiyyələri təqdim etdilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: