Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 24-də görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.
Sərəncamda vurğulanır ki, 2019-cu ilin fevral ayında Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi tamam olur. Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəstxətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirib və mədəniyyət tariximizdə dərin iz qoyub. Sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm” və “Dədə Qorqud” filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir.