NUHÇIXAN xəbər verir ki, yanvarın 24-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, muxtar respublikada xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin yenidən qurulması, müasir avadanlıqlarla təmin olunması, eləcə də ixtisaslı həkim hazırlığı tibbi xidmətin səviyyəsini yüksəldib. Hazırda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həkim, Tibb Kollecində isə orta tibb işçiləri hazırlanır. Tibb Kollecinin binası yenidən qurulub. Tibb fakültəsinin yenidən qurulması isə davam etdirilir. Səhiyyənin inkişafı sahəsində görülən işlərin nəticəsidir ki, muxtar respublikadan başqa yerlərə müalicə üçün gedən xəstələrin sayında kəskin azalma var. İnsanlar muxtar respublikanın səhiyyə müəssisələrinə və həkimlərinə etibar edirlər. Bütün bunlar isə imkan verir ki, səhiyyə sahəsində lazımi işlər həyata keçirilsin. İcbari tibbi sığortanın tətbiqi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Artıq bir ilə yaxındır muxtar respublikada bu işə başlanılıb. Sədərək rayonunda icbari tibbi sığorta tam tətbiq olunur.
Ali Məclisin Sədri deyib: Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ildə ölkəmizdə icbari tibbi sığortanın tam tətbiqinə başlanılacaqdır. Ona görə də muxtar respublikada bu sahədə tədbirlər həyata keçirilməli, digər rayonlarında da icbari tibbi sığorta tətbiq olunmalıdır. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza zərfində 1525 tibbi xidmət vardır. Həmin tibbi xidmətlərin 515-i Sədərək Rayon Mərkəzi Xəstəxanasında, 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, digərləri isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublika xəstəxanalarında həyata keçirilir. Şərur rayonunda həyata keçirilən tədbirlər, Uşaq Xəstəxanasının yaradılması, həkim ambulatoriyalarının yenidən qurulması və lazımi avadanlıqlarla təmin olunması, eləcə də muxtar respublikada vahid elektron idarəetmə sisteminin qurulması icbari tibbi sığortanın tətbiqinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov məlumat verərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərman imzlayıb. Fərmana uyğun olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Ötən il Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən 7 min 607 xəstəyə tibbi xidmət göstərilib. Şərur rayonunda da bu sahədə tədbirlər görülüb, mərkəzi xəstəxananın təcili yardım şöbəsi lazımi avadanlıqlarla təmin edilib, tibbi yardım briqadasının sayı artırılıb. Xəstəxananın laboratoriya şöbəsi yenidən qurulub, tibbi avadanlıq və cihazlarla təmin olunub. Yeni narkoz və süni tənəffüs aparatı alınıb, yenidoğulmuşlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması üçün transport küvez alınaraq quraşdırılıb. Şərur Rayon Mərkəzi Xəstəxanasında və Uşaq Xəstəxanasında nümunəvi informasiya sistemi istifadəyə verilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov deyib ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqində iştirak edəcək xəstəxanaların siyahısı hazırlanıb və həmin müəssisələrdə agentliyin qeydiyyat məntəqələri yaradılıb. Şərur rayonunda da icbari tibbi sığortanın tətbiqi üçün hərtərəfli şərait yaradılıb. Agentlik tərəfindən ilkin tədbirlərin icrasına başlanılıb, icbari tibbi sığortanın Şərur rayonunda tətbiq edilməsi üçün rayon əhalisi üzrə məlumatlar toplanılıb. Toplanılan məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, səhiyyə informasiya idarəetmə sistemi və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - maliyyə naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görüləcək işlər barədə aidiyyəti üzrə məlumat veriblər.
Müşavirədə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı qərar qəbul olunub.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə, Maliyyə və Səhiyyə nazirliklərinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı birgə müzakirələrin aparılması və təkliflərin hazırlanması barədə tapşırıqlar verib.