Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib.
NUHÇIXAN xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Nizami Gəncəvi adına Xankəndi şəhəri 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmiri nəzərdə tutulub.
Bu təhsil ocağı böyük tarixə malikdir və 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib. Məktəbin səmərəli fəaliyyətinin təmin edilməsinin zəruriliyi nəzərə alınaraq Xankəndi sakinlərinin böyük bir qisminin müvəqqəti məskunlaşdığı Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 30 dekabr tarixli Sərəncamına əsasən 300 şagird yerlik yeni bina tikilib.
Bildirildi ki, Xankəndidə 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında başlanılıb. Məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir. Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.