Kənddə yeni xidmət mərkəzi sakinlərin istifadəsinə verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kərimbəyli kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, mərkəzdə 2 yerlik bərbərxana, 2 yerlik qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye, təsərrüfat malları mağazaları, elektrik avadanlıqlarının təmiri yeri, dərzi və anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, 10 sakin işlə təmin olunub.

Dərzi Arzu Qocayeva və elektron cihazların təmiri ustası Habil Sadiqov xidmət mərkəzində onların fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olub.

Ali Məclisin Sədri sakinləri təbrik edərək deyib: Müasir yaşayış məntəqəsinə çevrilən Kərimbəyli kəndi məhsuldar torpaqları və zəhmətkeş insanları ilə seçilir. Yaradılan şərait imkan verəcəkdir ki, kənd sakinlərinin gündəlik qayğıları vaxtında həll olunsun. Kənddə 1300 hektardan artıq torpaq sahəsi əhalinin istifadəsindədir. 700 hektardan artıq torpaq isə bələdiyyə mülkiyyətindədir. Heyvandarlıq, meyvəçilik, tərəvəzçilik inkişaf etdirilir. Məhsuldar torpaqlara malik olması kənddə ildə iki dəfə əkin aparmağa imkan verir.

Ali Məclisin Sədri deyib: Kərimbəyli kəndində yaradılan şərait ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sabitlik və inkişaf yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Sabitliyin və inkişafın bəhrələri ölkə həyatının bütün sahələrini əhatə edib. Yaradılan bu şərait də kənd sakinlərinin rahatlığına xidmət edir. Ona görə də sakinlər kəndin torpaqlarından səmərəli istifadə etməli, qurulanlar qorunub saxlanılmalıdır.

Ali Məclisin Sədri qarşıdan Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin gəldiyini bildirib, bu münasibətlə sakinləri təbrik edib, kənddə yaradılan şəraiti, tikilənləri, qurulanları muxtariyyət bayramına töhfə kimi dəyərləndirib.

Kənd ağsaqqalı Lətif Orucov sakinlər adından minnətdarlıq edərək deyib: Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri insanların böyük sevincinə səbəb olub. Bu gün Şərur rayonunun Kərimbəyli kəndi də abad kəndlər sırasına qoşulur. Göstərilən diqqət və qayğı nəticəsində kəndimizdə geniş quruculuq işləri aparılıb, məktəb binası, kənd mərkəzi, xidmət mərkəzi, həkim ambulatoriyası tikilib. Kənd yolu yenidən qurulub, elektrik xətləri yenilənib, qaz xətləri dəyişdirilib, artezian təmir olunub. Yaradılan bu şərait sakinlərin rahat və firavan yaşayışına xidmət edir. Bu il muxtar respublikada “Ailə təsərrüfatı ili” elan olunub. Kərimbəyli kəndinin sakinləri də çox zəhmətkeş, torpağa bağlıdırlar. Çalışacağıq ki, bundan sonra da torpaqlarımızı əkib-becərək, bol məhsul istehsal edərək ailə təsərrüfatlarımızı inkişaf etdirək. Muxtar respublikanın 95 illik yubileyi ərəfəsində Kərimbəyli kəndini abad formada bizim istifadəmizə verirsiniz. Bu, bizim üçün ən böyük bayramdır.

                                                                                         ***

Kərimbəyli kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 1085 metr fiberoptik, 4200 metr yeraltı kabel, 7000 metr hava rabitə, 3500 metr elektrik, 355 metr yeni qaz xətti çəkilib, 400 kilovoltluq 2 transformator yarımstansiyası əsaslı təmir olunub, 6669 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb. Bundan başqa kəndi suvarma suyu ilə təmin edən “Kərimbəyli-1” nasos stansiyasının təzyiqli boru xəttinə diametri 250 millimetr olan 100 metrlik yeni boru əlavə edilib, 1 subartezian quyusu əsaslı təmir olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: