Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilir - YENİLƏNİB - FOTOLAR
Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda nitq söyləyib.
Avropa Komissiyasının komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger çıxış edib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirib.
Sessiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi, ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, TANAP-ın baş direktoru Saltuk Düzyol və TAP-ın icraçı direktoru Luka Şipati çıxış ediblər.