Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri Yaponiya hökumətinin dəstəyi ilə Ordubad rayonundakı Azadkənddə su təchizatı sisteminin inşası layihəsinin həyata keçirilməsini qarşılıqlı əlaqələrin nəticəsi kimi dəyərləndirib və səfirə təşəkkürünü bildirib. Ali Məclisin Sədri deyib ki, hər il muxtar respublikada meliorasiya və irriqasiya sahəsində mühüm tədbirlər həyata keçirilir, rayon mərkəzlərində və ətraf kəndlərdə yeni içməli su və kanalizasiya sistemləri qurulur. Bu il Ordubad rayonunda da içməli su və kanalizasiya sistemləri layihəsi başa çatdırılacaqdır.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasında təhsil və iqtisadi sahədəki əlaqələrə diqqəti çəkən Ali Məclisin Sədri muxtar respublika nümayəndələrinin Yaponiyada keçirilən müxtəlif təlim və seminarlarda iştirakından bəhs edib. Ali Məclisin Sədri 2016-cı ildə Yaponiyanın Okinava Prefekturasının nümayəndə heyətinin Naxçıvana səfərini və bu zaman həyata keçirilən qarşılıqlı tədbirləri xatırladıb, layihənin həyata keçirilməsində və fəaliyyətində səfirə uğurlar arzulayıb.
Səfir Teruyuki Katori Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvana səfərindən məmnunluğunu bildirib. Yaponiya-Azərbaycan əlaqələrinin iqtisadi, təhsil və mədəniyyət sahələrində inkişaf etdiyini bildirən səfir muxtar respublikada su təchizatı sistemi layihəsinin həyata keçirilməsi bərədə danışıb, əlaqələrin genişlənməsində səylərin artırılacağını vurğulayıb.