Günəş panelləri ilə işləyən subartezian quyusu qazılıb - FOTOLAR
Kəngərli rayonunun Qabıllı kəndində günəş panelləri ilə işləyən yeni subartezian quyusu qazılıb.
NUHÇIXAN xəbər verir ki, fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov subartezian quyusuna baxıb.
Məlumat verilib ki, 60 metr dərinliyi olan subartezian quyusunun günlük su verimi 8,5 tondur. Su nasosunun elektrik təminatı quraşdırılan 2 günəş paneli vasitəsilə həyata keçirilir. Bu da Günəş Elektrik Stansiyasının yaxınlığında salınmış badam bağının və yaşıllıq zolağının su təminatının ödənilməsinə imkan verəcəkdir.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Günəş Elektrik Stansiyasının və subartezian quyusunun istifadəyə verilməsinə görə rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Ali Məclisin Sədri qurulanlardan səmərəli istifadə olunması, yaşıllıqların artırılması, subartezian quyularının elektrik təminatında günəş panellərindən istifadə imkanlarının araşdırılması və tətbiqi barədə tapşırıqlar verib.