Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
NUHÇIXAN xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Adolfo Urso ilə görüşləri məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyev Adolfo Ursoya “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirakına görə minnətdarlığını bildirib, gələcəkdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvarlığını ifadə edib.
Qonaq İtaliyanın “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakını ölkələrimiz arasında dostluğun və uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirib.
Azərbaycana dəfələrlə səfər etdiyini xatırlayan Adolfo Urso bu tədbirdə iştirakdan məmnunluğunu bildirib. O, 2020-ci ildə Gəncə və Ağdam şəhərlərinə səfərinə toxunub.
Dövlətimizin başçısı Adolfo Ursonun işğaldan azad edilmiş torpaqlarımızda Avropa ölkəsini təmsil edən ilk xarici yüksəksəviyyəli şəxslərdən biri olduğunu vurğulayıb və buna görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və orada artıq 3 beynəlxalq hava limanının istifadəyə verildiyini deyib.
Söhbət zamanı münasibətlərimizin strateji xarakter daşıdığı bildirildi, siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Azərbaycan-İtaliya əməkdaşlığının daha da genişləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunulub.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi bildirilib, enerji, o cümlədən bərpaolunan enerji, metallurgiya, kənd təsərrüfatı, əczaçılıq, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində iştirakı qeyd edilib. “AzərEnerji” ilə “Ansaldo Energia” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.
Sonra xatirə şəkli çəkdirilib.