Martın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nərimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri Möhsün Nərimanı təbrik edərək ona yeni vəzifəsində uğurlar arzulayıb, muxtar respublikanın iş adamlarının Araz Azad Ticarət və Sənaye Zonası ilə əlaqələrinə diqqəti çəkib. Maku Azad Ticarət və Sənaye Zonasının nümayəndə heyətinin Naxçıvana səfərini xatırladan Ali Məclisin Sədri muxtar respublika ilə sərhəddə iki azad ticarət və sənaye zonasının, eləcə də gömrük-keçid məntəqələrinin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını bildirib. Ali Məclisin Sədri deyib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən səfərlər, iqtisadi, mədəni, təhsil və energetika sahələrindəki əlaqələr, hər iki tərəfdən dövlət qurumlarının qarşılıqlı fəaliyyəti və Araz çayından səmərəli istifadə uğurlu əməkdaşlığın nəticəsidir.
Ali Məclisin Sədri əminliyini bildirib ki, Araz Azad Ticarət və Sənaye Zonasının nümayəndə heyətinin muxtar respublikaya səfəri əlaqələrin inkişafı baxımından səmərəli olacaqdır.
Möhsün Nəriman Ali Məclisin Sədri ilə görüşdən və Naxçıvana səfərindən məmnunluğunu ifadə edib, göstərilən xoş münasibətə görə minnətdarlığını bildirib. Əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün imkanların və qarşılıqlı marağın olduğunu deyən qonaq Araz Azad Ticarət və Sənaye Zonasının bu işdə rolunu vurğulayıb. Möhsün Nəriman Şərqi Azərbaycan Vilayətinin valisi Məhəmmədrza Purməhəmmədinin salamlarını Ali Məclisin Sədrinə çatdırıb.
Ali Məclisin Sədri Şərqi Azərbaycan Vilayətinin valisinin salamlarına görə təşəkkür edib, onun da salamlarını Məhəmmədrza Purməhəmmədiyə çatdırmağı xahiş edib.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.