Dövlət Sığorta Agentliyinə səyyar xidmət avtomobilləri verilib, Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraiti yaradılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli Rayon Dövlət Sığorta Agentliyinin yeni binasında yaradılan şəraitlə tanış olub, Dövlət Sığorta Agentliyinə 2 ədəd səyyar xidməti avtomobil təqdim edilib.
Bildirilib ki, Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün 7 iş otağı ayrılıb, otaqlarda müasir iş şəraiti yaradılıb. Agentliyin otaqları üçün fərdi istilik sistemi qurulub, mebel dəstləri, kompüter və lazımi inventarlar qoyulub. Səyyar xidmət avtomobilləri internet, kompüter, printer və digər avadanlıqlarla təmin edilib. Bu da muxtar respublikanın kəndlərində sığorta ərizələrinin qəbulunun və müqavilələrin bağlanmasının həyata keçirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri kollektivi təbrik edərək deyib: Ölkəmizdə ASAN xidmətin tətbiqi əhalinin rahatlığına xidmət edir. Artıq ASAN xidmət dünyada nümunəvi model kimi qəbul olunur. Muxtar respublikada əhaliyə göstərilən səyyar xidmət də ASAN xidmətin bir formasıdır. Artıq muxtar respublikada Daxili İşlər Nazirliyində, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində səyyar xidmətlər fəaliyyət göstərir. Həmçinin əhaliyə internet üzərində onlayn xidmətlər göstərilir. Bütün bunlar isə imkan verir ki, əhali vaxt itkisinə yol verməsin. Muxtar respublikada sığorta sahəsində də səyyar xidmətin yaradılmasına ehtiyac vardı. Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Agentliyi 4 icbari və 7 könüllü sığorta fəaliyyətini həyata keçirir. Bu gün Dövlət Sığorta Agentliyinə yeni səyyar xidmət avtomobillərinin təqdim olunması və Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraitinin yaradılması bu sahədə fəaliyyətin hərtərəfli təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri deyib: Sığorta işinin əsasında könüllü sığortanın tətbiqi dayanır. Könüllü sığorta isə insanları maarifləndirmə yolu ilə həyata keçirilir. Fəaliyyətin bu istiqamətdə qurulması sığorta təşkilatlarının qarşısında duran əsas vəzifələrdəndir. Sığorta işçiləri və bu sahədə çalışanlar muxtar respublikada sığorta işinin qurulmasında, könüllü sığortanın inkişaf etdirilməsində öz səylərini daha da artırmalı, müasir sığorta sistemi formalaşdırılmalıdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikada sığorta işinin təşkili sahəsində ardıcıl tədbirlərin görüldüyünü bildirib, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.