Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub - FOTOLAR
Martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunan qadınları, eyni zamanda, onların timsalında bütün muxtar respublika qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək deyib: Qadınlar cəmiyyətin əsas aparıcı qüvvəsidir. Çünki qadın əməyi olmadan cəmiyyətin inkişafı mümkün deyil. Muxtar respublika əhalisinin 52 faizə yaxını qadınlardır. Hazırda muxtar respublika qadınları dövlət quruculuğunda, təhsil, səhiyyə, mədəniyyət və sahibkarlıq sahələrində, hüquq-mühafizə orqanlarında, eləcə də ailə dəyərlərinin qorunmasında uğurla fəaliyyət göstərirlər. Sevindirici haldır ki, ali məktəblərə qəbul olan gənclərin 60 faizdən çoxunu qızlar, təlim-tərbiyə sahəsində çalışanların isə 70 faizdən çoxunu qadınlar təşkil edir.
Ali Məclisin Sədri müdriklərin qadınlarla bağlı “Qadınlarla kişiləri eyni səviyyəyə qoysaq, onda qadınların nəyə qadir olduğunu görərik”, “Cəmiyyətimizi ağıllı və təhsilli görmək istəyiriksə, o zaman qadınlarımıza təhsil verməliyik” fikirlərini xatırladaraq deyib: Gələcəyini düşünən hər bir ölkə qadına yüksək dəyər verir. Bu gün Azərbaycan qadınları da cəmiyyətin bütün sahələrində uğurla çalışır, təhsili, dünyagörüşü və mədəni səviyyəsi ilə seçilir, eləcə də ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Eyni zamanda, bu gün qadınlarımız ailənin aparıcı qüvvəsidir. Çünki ölkəmizin gələcəyi vətənpərvər və təhsilli gənclərdən asılıdır. Vətənpərvər, təhsilli və dünyagörüşlü gənclərin yetişməsində isə anaların böyük əməyi vardır.
Ali Məclisin Sədri deyib: 8 Mart Beynəlxalq Qadınlar Gününün bütün dünyada qeyd olunması qadınlara verilən dəyərin daha bir ifadəsidir. Xalqımız tarixən qadın adına yüksək dəyər verib. Ölkəmizdəki tarixi abidələr, xüsusilə Naxçıvan şəhərindəki Möminə xatın və Qarabağlar kəndindəki Quti xatın türbələri qadın adına ucaldılmış ən möhtəşəm abidələrdəndir. Müqəddəs kitabımız olan “Qurani-Kərim”də də qadın haqqı ən yüksək dəyər kimi götürülür.
Ali Məclisin Sədri qadınları bir daha təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri “Dövlət qulluğunda fərqlənməyə görə”, 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” və “Tərəqqi” medallarının, Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adının döş nişanlarını və vəsiqələrini, eləcə də hədiyyələri təqdim edib.
Təltif olunanlardan Minayə Nəsirova, Mehrəngiz Əkbərova, Fizzə Məmmədova və Məlahət Rüstəmova minnətdarlıq edərək deyiblər ki, çalışdıqları sahələrdə qadınların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu da imkan verir ki, qadınlar daha səmərəli fəaliyyət göstərsinlər. Qadınların əməyinin qiymətləndirilməsi onları daha da ruhlandırır, daha səylə çalışmağa sövq edir.