Şərur şəhər avtomobil yolları yenidən qurulacaq, Mədəniyyət Sarayı üçün yeni bina və müasir yaşayış kompleksi inşa olunacaqdır - FOTOLAR
Muxtar respublikada aparılan quruculuq işləri Şərur şəhərini müasir görkəmə qovuşdurub. Şəhərdə yeni inzibati binaların, sosial obyektlərin eləcə də yaşayış binalarının istifadəyə verilməsi, müasir içməli su sistemlərinin və kanalizasiya sistemlərinin qurulması əhalinin rahat yaşayışına xidmət edir. Quruculuq tədbirləri 2019-cu ildə də davam etdiriləcək. Şərur şəhərinin avtomobil yolları yenidən qurulacaq, rayon Mədəniyyət Sarayı üçün yeni bina və müasir yaşayış kompleksi inşa olunacaqdır.
NUHÇIXAN xəbər verir ki, martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhər avtomobil yollarının yenidən qurulması, Mədəniyyət Sarayının və yaşayış kompleksinin layihələrinə baxıb.
Məlumat verilib ki, Naxçıvan-Sədərək magistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdaxili avtomobil yolu yenidən qurulacaqdır. Hazırda tikinti işlərinə başlanılıb, 11 kilometrlik yolun yatağı genişləndirilir, torpaq işləri görülür. Şəhərin Heydər Əliyev prospekti və əlavə 6 küçəsində tikinti işləri aparılarkən mühəndis-texniki tələblərə, avtomobillərin və piyadaların şəhər daxilində rahat hərəkətinin təmin olunmasına diqqət yetirilir. Yola keyfiyyətli asfalt örtük veriləcək, müasir işıqlandırma sistemləri qurulacaqdır.
Yeni inşa olunacaq Şərur rayon mədəniyyət sarayında zal və iş otaqları yaradılacaq, saray işçilərinin, Şərur Xalq Yallı Ansamblının və digər mədəniyyət kollektivlərinin fəaliyyəti təmin olunacaqdır. Yaşayış kompleksi isə hər biri altımərtəbəli olmaqla üç binadan ibarət olacaqdır. Binalarda hər birində 40 mənzil olacaqdır.
Ali Məclisin Sədri avtomobil yolunun yenidən qurulması və tikinti işlərinin keyfiyyətlə aparılması barədə müvafiq tapşırıqlar verib.