Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir. Bu sahədəki imkanlardan səmərəli istifadə olunur, yeni müalicə mərkəzləri fəaliyyətə başlayır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır.
NUHÇIXAN xəbər verir ki, martın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə gəlib, kompleksin layihəsinə baxıb.
Məlumat verilib ki, Darıdağ arsenli su dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə də sübut olunub. Ona görə də Darıdağ arsenli sudan müalicə məqsədilə geniş istifadə olunması diqqətdə saxlanılır. Bu məqsədlə ərazidə yeni kompleks inşa olunacaq, 4 mərtəbədən ibarət əsas korpusda otel və xidmət sahələri yaradılacaqdır. Burada qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait yaradılacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinə başlanılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.