Azərbaycan Respublikasında rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin mayın 21-də rəsmi qarşılanma mərasimi olub.
NUHÇIXAN xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Serbiya Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident Aleksandr Vuçiç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Serbiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Serbiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Vuçiçə, Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Serbiya prezidentləri rəsmi foto çəkdiriblər.