Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

A- A A+

Aprelin 23-də Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN  xəbər verir ki, Sərəncama əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bununla əlaqədar, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyi həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə birdəfəlik maddi yardımın bu Sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: