Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın hərtərəfli inkişafı təbii sərvətlərimizdən səmərəli istifadəyə imkan verir. Artıq muxtar respublika ölkəmizin əsas mineral su istehsalçısına çevrilib. “Badamlı” mineral suyu da bu gün geniş ixrac imkanlarına malikdir. Tələbatın artmasının nəticəsidir ki, hazırda Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni zavod inşa olunur.
NUHÇIXAN xəbər verir ki, aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” mineral sular zavodunun inşası ilə maraqlanıb.
Bildirilib ki, zavodun ümumi sahəsi 10 min 590 kvadratmetrdir. Zavod xammal anbarı, istehsal sahəsi və hazır məhsul anbarından ibarət olacaqdır. Əsas tikinti işləri başa çatdırılıb, Fransa istehsalı olan avadanlıqlar alınıb gətirilib. Müəssisədə qazlı və qazsız olmaqla, müxtəlif ölçülü qablaşdırmada “Badamlı” suyu istehsal ediləcəkdir. İstehsal prosesi tam avtomatlaşdırılmış şəraitdə və standartların tələblərinə uyğun həyata keçiriləcəkdir. Həmçinin zavodda müasir avadanlıqlarla təmin olunmuş laboratoriyalar istifadəyə veriləcək, istehsal olunmuş məhsulların keyfiyyətinə tam nəzarət ediləcəkdir.
İkimərtəbəli inzibati binada işçilərin rahatlığı nəzərə alınacaq, iş və texniki otaqlar istifadəyə veriləcəkdir.
Ali Məclisin Sədri istehsal sahəsində avadanlıqların quraşdırılması, zavodun ərazisində, eləcə də Badamlı qəsəbəsində abadlıq işlərinin aparılması barədə tapşırıqlar verib.