Müasir yol infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edir. Görülən işlərin davamı olaraq bu il Badamlı qəsəbə avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
NUHÇIXAN xəbər verir ki, aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma tədbirləri ilə tanış olub.
Məlumat verilib ki, Badamlı qəsəbə avtomobil yolunun uzunluğu 5,4 kilometrdir. Yol yatağı genişləndirilərək 10 metrə çatdırılıb, piyadaların və avtomobillərin təhlükəsiz və rahat hərəkəti təmin edilib. Yolun üzərindəki iki körpü əsaslı şəkildə yenidən qurulub, 12 selötürücü tikilib. Körpülərin ətrafında yuyulmanın qarşısının alınması məqsədilə istinad divarları tikilib. Həmçinin yağış sularının axıdılması üçün yol kənarlarında beton kanal çəkilib, qaz xətlərinin yeri dəyişdirilib.
Ali Məclisin Sədri hava şəraitinə uyğun olaraq asfalt işlərinə başlanılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib.