Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosu qəbul edib.
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosa forumda iştirakına və ölkəmiz haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.
2007-ci ildə ATƏT-in fəaliyyətdə sədri olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşdən danışan qonaq həmin söhbət zamanı Azərbaycanın dövlət başçısının söylədiyi fikirləri bu gün də xatırladığını deyib. Forumun təşkilinə görə minnətdarlığını bildirən Migel Angel Moratinos Bakının dünyada dialoq mərkəzi kimi tanındığını, “Bakı prosesi”nin önəmli bir platforma olduğunu və zamanında irəli sürülmüş təşəbbüs olduğunu vurğulayıb. Bildirib ki, bu prosesin coğrafiyasının genişləndirilməsi və Azərbaycanın multikulturalizm ənənələrinin təşviqi böyük əhəmiyyət daşıyır.
Söhbət zamanı Azərbaycanın Sivilizasiyalar Alyansına verdiyi dəstək yüksək qiymətləndirilib.